Logo

BDU-nun Şərqşünaslıq fakültəsinə 14 ixtisas üzrə tələbə qəbulu aparılır

19.08.2023 11:08 202 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinə 14 ixtisas üzrə tələbə qəbulu aparılır.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Şərqşünaslıq fakültəsində elmi-tədqiqat laboratoriyası, Ərəb filologiyası, İran filologiyası, Türk filologiyası, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedraları fəaliyyət göstərir.

Fakültədə Şərq ölkələri üzrə ixtisaslaşmalarda təhsil alan tələbələr müvafiq ölkələr üzrə kompleks sahələr ilə tanış olur və biri əsas, digəri əlavə olmaqla minimum iki Şərq dilinə yiyələnirlər. Fakültənin müxtəlif ixtisaslarından məzun olan tələbələr hər il öz sahələri üzrə təhsillərini ərəb ölkələrində, Türkiyə, İsrail, Pakistan, Yaponiya, Çin və Koreya universitetlərində davam etdirə bilirlər.

Şərqşünaslıq fakültəsində ixtisaslar 3 istiqaməti əhatə edir: regionşünaslıq (Şərq ölkələri üzrə), filologiya (Şərq dili və ədəbiyyatı) və tərcümə (ərəb və fars dilləri üzrə).

Regionşünaslıq (ərəb ölkələri, İran, Türkiyə, İsrail, Pakistan, Yaponiya, Çin, Koreya üzrə) ixtisası üzrə universiteti bitirən məzunlar müvafiq olaraq dövlət qurumları, səfirliklər və beynəlxalq təşkilatlarda işləyə bilərlər.

Filologiya (ərəb, fars, türk dili və ədəbiyyatı üzrə) ixtisasını bitirən məzunlar həmin dillərin tədrisi ilə bağlı müəllim, tərcüməçi və dövlət strukturlarında müvafiq vəzifələrdə çalışa bilərlər.

Tərcümə (ərəb və fars dilləri üzrə) ixtisasını bitirən məzunlar əsasən tərcüməçi və ixtisaslaşdığı Şərq dili üzrə müvafiq dövlət strukturlarının xarici əlaqələr şöbəsində işləyə bilərlər.

Fakültədə tədris Azərbaycan və rus dillərində aparılır.

Xəbər lenti