Logo

DİM Naxçıvanın yerli icra və məhkəmə hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün təlim keçirib

10.08.2023 22:44 204 baxış
IMG

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin ləğvi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mərkəzin əməkdaşları tərəfindən 10 avqust 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasında yerləşən yerli icra və məhkəmə hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün təlim keçirilib.

DİM-dən "Tehsil.biz" bildirilib ki, təlimdə Naxçıvan Muxtar Respublikasının yerli icra və məhkəmə hakimiyyəti orqanlarının 22 nümayəndəsi iştirak edib.

Təlimi giriş nitqi ilə Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramova açıb.

Daha sonra Mərkəzin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun müdiri Rüfət Ağayev “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” və “Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi”, Mərkəzin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” və “Dövlət qulluğu sahəsində təlimlər”, Mərkəzin Dövlət qulluqçularının reyestrinin aparılması və ehtiyat kadrların qeydiyyatı sektorunun müdiri Sakit Əliyev isə “Dövlət qulluqçularının Reyestrinin aparılması qaydaları” mövzularında təqdimatlar ediblər.

Təlimdə Mərkəzin əməkdaşları tərəfindən iştirakçılara inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə “Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemi”, “Dövlət Qulluğu-Vəzifələrin İdarə edilməsi Sistemi” və “Dövlət Qulluğu-Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”ndən istifadə, dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin təşkili və keçirilməsi qaydaları, dövlət qulluğu sahəsində təlimlər və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.

Təlimin sonunda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı müzakirələr edilib və iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti