Logo

Adam valideyn olana qədər xoşbəxtdir? Bir tədqiqatın sarsıdıcı yekunu

22.03.2021 13:10 627 baxış
IMG

Almaniyanın “Frankfurter Rundschau” (“Frankfurter rundşau”) qəzetində “Adam valideyn olana qədər xoşbəxtdir? Bir tədqiqatın sarsıdıcı yekunu” başlıqlı yazı dərc olunub.

 

Novator.az-ın məlumatına görə, yazıda deyilir ki, ABŞ-ın Dartmut Kollecinin alimləri 10 il ərzində mütəmadi olaraq bir milyon insanın fikrini izləyib, onlarla sorğular keçiriblər. Nəticədə alimlər belə qənaətə gəliblər ki, adamların bir çoxu övlad sahibi olandan sonra əvvəlki dövrlə müqayisədə elə də xoşbəxt ola bilmir.

 

Araşdırma göstərib ki, valideynə çevriləndən sonra adamlar şəxsi xoşbəxtliklərinin bir qismini itirirlər. Bunun əsas səbəbi maddi problemlərdir. Çünki uşaq çox xərc aparır. Ona görə uşaqlı ailələrin əksəri sadə mənzillərdə yaşamağa və ucuz avtomobil sürməyə məcbur olur. Dövlət isə ailələrin maddi ehtiyacının yalnız cüzi hissəsini kompensasiya edə bilir.

 

“Frankfurter Rundschau” qəzeti məsələyə İsveçrədən olan iqtisadçı alim Bruno Freyin münasibətini də öyrənib.

 

Bruno Frey xoşbəxtliyin iqtisadi əsaslarına dair araşdırmaları ilə məşhurdur. O, qəzetə müsahibəsində deyib ki, ilk baxışda kiçik görünən problemlər bəzən insanlar üçün çox ağır yükə çevrilir: “Yenicə doğulmuş körpəyə əvvəlcə pal-paltar və uşaq bezləri gərək olur. Daha sonra onun əyləncələrini, hobbilərini təmin etmək lazım gəlir. Sonra məktəb dövrü başlanır. Məktəblinin isə ehtiyacı o qədər çoxdur ki…

 

Üstəlik, uşaq doğulandan sonra ailədə valideynlərdən birinin işləməsi də problem yaradır, ikisinin işləməsi də. Bir nəfər işləyəndə ailənin gəliri az olur. İki nəfər işləyəndə uşağa diqqət göstərə bilmək üçün istər-istəməz iş üçün daha məhdud zaman çərçivəsi seçmək lazım gəlir. Bu yenə ailənin gəlirinin azalması deməkdir. Xoşbəxtlik üçün isə maddi təminat çox vacibdir”.

 

Bruno Frey qeyd edib ki, özünü həm işə, həm ailəyə həsr etmək asan məsələ deyil: “İşlə ailə arasında balans qurmaq getdikcə çətinləşir. Ona görə bir çox adamın övlad sahibi olandan sonra özünü əvvəllki kimi xoşbəxt hiss etməməsi təəccüb doğurmamalıdır”.

 

İqtisadçı alim hesab edir ki, sonradan məyus olmamaq üçün cütlüklər ailə qurmazdan əvvəl maddi imkanlarını ölçüb-biçməlidirlər: “Həm də daima ehtiyatda pul saxlamalıdırlar – kritik situasiyada maliyyə təhlükəsizliyini təmin edə bilmək üçün. Təbii ki, belə məsələlərdə işəgötürənlərin, ölkənin sosial siyasətini müəyyən edən şəxslərin də dəstəyinə ehtiyac var. Ailələri maddi qayğılar içində boğulmaqdan xilas etmək üçün valideynlər rahat iş qrafiki və ədalətli maaşla təmin olunmalıdırlar”.

Xəbər lenti