Logo

Dendrologiya İnstitutunda aloe bitkisindən şirənin alınması sahəsində tədqiqat aparılır - FOTO

09.08.2023 18:00 191 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının aparıcı elmi işçisi dosent Tofiq Sadiqov tərəfindən aloe vera (əzvay) bitkisinin Abşeron şəraitində çoxaldılması, şirəsinin alınması və tibbdə istifadəsi öyrənilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, “Möcüzəvi bitki” və “Təbii həkim” adlandırılan aloe vera (əzvay) özündə bir çox faydalı keyfiyyətləri daşıyır. Zanbaqkimilər fəsiləsinin (Liliaceae) qiymətli dərman bitkilərindən olub isti və quru iqlimdə yetişir. Bitki təbii halda Afrikanın cənub-şərq hissəsində yarımsəhra yerlərdə yayılıb. Aloe vera Azərbaycanda istixana şəraitində 50-150 sm hündürlüyündə kol formalı çoxillik sukkulent bitkidir. Ağacşəkilli əzvay (Aloe arborescens Mill.) işıqsevən bitkidir, nisbətən az işıqlanmış kölgəli yerlərdə zəif inkişaf edir. Bitkinin normal inkişafı üçün 20-25 dərəcədən yuxarı istilik, rütubətli hava, qızmar günəş şüaları lazımdır. Bitki şaxtaya davamsızdır, havanın tempraturu 0 dərəcədən aşağı olduqda yerüstü hissəsi məhv olur. Aloe bitkisi yüngül qumsal, qələvi xassəli (ph 9-10) torpaqlarda yaxşı bitir. Bitki çox ağır gilli və turş xassəli torpaqlarda isə pis inkişaf edir.

Aloenin tərkibində 2-3 faizə qədər aloe-emoden, orqanizm üçün zəruri olan 22 amin turşusundan 7-si, həmçinin monosaxaridlərdən qlükoza, fruktoza, polisaxaridlərdən sellülozaya təsadüf edilir.

Aloe bitkisi çox qədim zamanlardan qiymətli dərman bitkisi kimi istifadə olunur. Belə ki, müasir dövrdə aloedən hazırlanmış dərman preparatları qaraciyər, mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Bu bitkidən hazırlanmış quru ekstraktdan xroniki qəbizlikdə uzun müddət yataq rejimində olan xəstələrə işlətmə dərmanı kimi tətbiq olunur. Aloe şirəsi bakterisid təsirə malik olduğundan bir çox xəstəlik törədən mikroorqanizmlərə, o cümlədən stafilokoklara, streptokoklara, dizinteriya, qarın yatalağı törədicilərinə məhvedici təsir göstərir. Aloenin terapevtik və sağaldıcı xüsusiyyətləri 5000 ilə yaxındır ki, istifadə edilir.

Keçmiş SSR vaxtında aloe Azərbaycanda Maştağa, Buzovna, Bilgəh kəndlərinin ərazisində əkilib becərilib. Sovetlər İttifaqı dağıldıqdan sonra respublikamızda da aloe plantasiyaları nəzarətsiz qalıb, onunla bağlı əczaçılıq müəssisələrinin fəaliyyəti dayandırılıbdır.

Müxtəlif xarici ölkələrdən idxal olunmuş aloe preparatlarının ölkəyə gətirilməsi iqtisadi cəhətdən baha başa gəldiyindən qiymətli dərman bitkisi kimi aloenin əkin plantasiyalarında becərilməsi məqsədyönlüdür. Bunları nəzərə alaraq, Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasında aloe veranın qapalı şəraitdə əkilib becərilməsi ilə bağlı tədqiqat işləri aparılıb.

Aloe bitkisi isti rütubətli iqlim şəraiti tələb etdiyinə görə o istixanada əkilir. Məlumdur ki, bu bitkini həm toxum, həm də vegetativ üsulla, yəni gövdəciklər vasitəsilə çoxaltmaq olar. Lakin dünya təcrübəsi göstərir ki, aloe toxumlarından çıxmış cücərtilər çox gec böyüdüyündən onun vegetativ yolla çoxaldılması səmərəlidir. Bu məqalədə yanvar-fevral aylarında aloe kolunun aşağı hissəsindəki yarpaqların qoltuğundakı gövdəciklər qoparılır. İstixanada əkin sahəsi yumşaldılır, daşdan-kəsəkdən təmizlənir, gübrələnir, suvarılır. Sonra aloedən qoparılmış gövdəciklər 60×40 sm əkin olmaqla torpaqda açılmış oyuqlarda əkilir. Bildiyimiz kimi, aloenin əsas məhsulu onun yarpaqlarıdır. Bu məqsədlə ərazisi 0,1 ha olan istixananın sahəsində 4000 ədəd aloe bitkisi əkilib. (60×60 sm). Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilib ki, hər aloe kolundan bitkinin vegetasiya dövrünün birinci ilində 1 kq yarpaq məhsulu toplamaq mümkündür. Sonrakı illərdə isə aloenin yarpaqlarının məhsuldarlığı getdikcə çoxalır.

Aloenin vegetativ çoxaldılması üzrə aparılan çoxillik tədqiqatların son nəticələrinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, 1 hektar əkin sahəsində 40 tona qədər yaş yarpaq məhsulu toplamaq mümkündür. Aloenin 1 hektar əkin sahəsindən yığılmış yarpaq məhsulundan isə 50 faizə qədər şirə almaq mümkündür. İqtisadi hesablamalar göstərir ki, aloenin 40 ton yarpaq məhsulundan 20 tona qədər şirə istehsal etmək mümkündür. Dendrologiya İnstitutunun əməkdaşları aloe kimi qiymətli dərman bitkisindən şirənin alınması sahəsində öz tədqiqatlarını davam etdirir. Tədqiqatın əsas məqsədi ekoloji təmiz məhsul istehsal olunmuş aloe şirəsinin satışını təşkil etməkdir. Belə ki, ilk dəfə olaraq Azərbaycanda aloe şirəsinin istehsalı və satışı üçün Texniki Şərt hazırlanıb (T.S. Az. 140155071.002-2016). Son dövrdə ölkəmizdə yeni dərman zavodları tikilməyə başlanıb. Həmin zavodların tikilməsi xammal ehtiyatlarına olan tələbatı artıracaq.

Xəbər lenti