"Müəllimi işə götürən hər hansı bir qurumu təmsil edənlər namizəddə ixtisas biliyindən əlavə öyrətmək həvəsi, şagird sevgisi, öyrənmə ehtirası görmək istəyirlər. Bunları özünüzdə canlandırmağa çalışın və müsahibə əsnasında göstərin".
Tehsil.biz xəbər verir ki, bunu təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov bildirib.
O, bu xüsusiyyətləri göstərmək üçün aşağıdakı cümlələrin nümunə ola biləcəyini qeyd edib:
"Mən şagirdlərimin öyrənməyi üçün əldə olan müxtəlif resurslardan istifadə etməyi planlaşdırıram, istəyirəm ki, onlar tədris edəcəyim fənni sevsinlər, öyrənmək psixoloji bir prosesdir. Maraq oyanarsa, öyrənəcəklər. Ona görə də maraq oyatmaq üçün müxtəlif əyani vəsaitlərdən, təcrübələrdən, internetdən istifadə etməyi planlaşdırıram, mənə görə dərs ciddi plan və hazırlıq tələb edir. Dərs sinifdə yenidən doğulur, amma ssenarisi əvvəldən yazılmalıdır. Mən də bütün dərslərimi əvvəlcədən planlaşdırmağı hədəfləyirəm".
Mütəxəssis vurğulayıb ki, bu yolla müsahibə götürənləri növbəti sualı soruşmağa vadar etmiş sayılırsınız:
"Bu sualın mövzusu dərsin planlaşdırılmasıdır. Deməli, iti zəkalı namizəd danışığı ilə müsahibə götürənləri yönəldə və söhbəti hazırlaşdığı məsələlərə gətirə bilər. Ümumiyyətlə isə müəllim hər bir suala hazır olmalı, bilmədiyi sualı "araşdırmalıyam bu mövzunu" deməli, bilik soruşulursa "indi xatırlaya bilmədim, amma internet əsrində bunu tapmaq düşünürəm çox asandır" deməlidir".
Mərcanə Əsədova