Logo

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

22.07.2023 16:00 204 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 29-da müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək.

Bu barədə "Tehsil.biz"ə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil ediləcək.

Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunacaq. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün azı 15 bal toplaması tələb olunur.

İmtahan müvafiq ixtisaslara uyğun olaraq saat 11:00 və 14:00-da başlayacaq. Ərizəçi imtahanın başlanmasından azı 1 saat öncə gəlməli və imtahan binasına daxil olarkən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.

Ərizəçilər ixtisasları üzrə proqramla agentliyin saytından tanış ola bilərlər.

Qeyd edək ki, imtahanda iştirak edəcək ərizəçilərə müvafiq məlumatlar həm şəxsi kabinetləri, həm də SMS vasitəsilə göndərilib. Müxtəlif səbəblərdən imtahanda iştirak edə bilməyəcək ərizəçilərin iyulun 24-dək [email protected] ünvanı vasitəsilə Agentliyə müvafiq məlumat verməsi zəruridir.

Xəbər lenti