Logo

QMİ sədrinə yeni müavin təyin olunub, 3 qazının fəaliyyətinə xitam verilib

18.07.2023 16:57 205 baxış
IMG

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib, iclasda QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib, QMİ-yə 3 yeni səlahiyyətli nümayəndə təyin edilib.

Bu barədə "Tehsil.biz"ə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Quran tilavəti ilə başlanan tədbiri açan Şeyxülislam A. Paşazadə Əhli-Beytə ehtiram nümunəsi olan bu ayın Vətən müharibəsi şəhidlərimizin anılması üçün müqəddəs məqam olduğunu qeyd edib, İmam Hüseyn şəhidlik məktəbinin yaşadığının göstəricisi olduğunu ifadə edib.

Şeyxülislam A. Paşazadə qeyd edib ki, builki Həcc mövsümündə QMİ Azərbaycan hacıları adından müqəddəs torpaqlarda Ulu Öndərimiz və Vətən şəhidlərimiz üçün ehsanlar verilib, dualar oxunub.

Toplantıda QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar Müraciəti oxunub və qəbul olunub. Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb. O cümlədən, münasib təziyədarlıq nümunələrindən biri kimi ənənəvi keçirilən qanvermə aksiyaları barədə məlumat verilib. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının üzvləri, səlahiyyətli nümayəndələri və imamlarına Məhərrəm ayı ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib.

İclasda təşkilati məsələlərə baxılıb. QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib, vəfat etməsi, səhhəti ilə əlaqədar və səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 3 nəfərin səlahiyyətli nümayəndə, 3 nəfərin isə qazı olaraq fəaliyyətinə xitam verilib. Qazılar Şurasına 7 nəfər yeni qazı və QMİ-nin 3 yeni səlahiyyətli nümayəndəsinin təyin olunması barədə məlumat verilib. Sədrə yeni müavin təyin olunub.

Daha sonra Şeyxülislam A. Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq və əməkdaşlıq müstəvisində xalqımız və dövlətimizin maraq və mənafelərinə xidmət etmək üçün həyata keçirdiyi görüş və tədbirlər barədə din xadimlərinə məlumat verib.

İclasda iştirak edən Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək din xadimlərinə öz tövsiyələrini bildirib. Din xadimlərinin Vətən müharibəsi günlərində yüksək vətənpərvərlik nümunəsi göstərdiklərini xüsusi vurğulayan Komitə sədri Məhərrəmlik mərasimləri dövründə də dinimizin dəyərlərinin insanlara çatdırılmasında din xadimlərinin üzərinə düşən məsuliyyəti xatırladaraq xurafat elementlərinin yer almaması üçün diqqətli olmağı tövsiyə edib.

Hicri təqvimi ilə yeni 1445-ci ilin təqviminin, əvvəlki illərdə olduğu kimi, AMEA Şamaxı Astrofizika Rəsədxanasının məlumatları əsasında Azərbaycanın yerləşdiyi üfüq xəttinə uyğun olaraq elmi əsaslarla hazırlandığı bildirilib. Bu təqvim milli vəhdətimizə, vətəndaş həmrəyliyinə, məzhəblərarası birliyimizə xidmət edir.

İslasda imamların sualları dinlənilib, din xadimlərini maraqlandıran məsələlərə QMİ sədri və Komitə sədri tərəfindən şərh verilib.

Xəbər lenti