Logo

ABŞ mətbuatı Avropa Parlamentində Güney Azərbaycana həsr olunmuş panel müzakirəsindən yazıb

13.07.2023 21:14 231 baxış
IMG

“İranın rəsmi dövlət mediası azərbaycanlıları “həşərat” kimi təqdim edir ki, bu da Holokost zamanı nasistlərin yəhudiləri təsvir tərzinə çox bənzəyir”.

Tehsil.biz xəbər verir ki, bu barədə tanınmış poitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham ABŞ-ın geniş oxucu kütləsinə malik nüfuzlu “Frontpage Magazine” qəzetində dərc olunmuş məqaləsində yazıb.

“Mollaların edamları” sərlövhəli məqalə qeyd olunub ki, Avropa Parlamentinin beynəlxalq məsələlər üzrə müşaviri Manel Msalmi bu yaxınlarda Avropa Parlamentində “İranda azlıqlara edilən zülm: Azərbaycan icması nümunə kimi” mövzusunda panel müzakirəsinə moderatorluq edib. Avropa Parlamentinin üzvləri, İsrail, Fransa və Belçikadan insan haqları təşkilatlarının nümayəndələri, analitiklər və İran üzrə ekspertlərin iştirak etdiyi tədbirdə Güney Azərbaycanda soydaşlarımıza milli zəmində edilən zülmdən bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilib.

Molla rejiminin farslarla eyni etnik mənşəyi bölüşməməsi səbəbindən azərbaycanlılar, bəluclar, ərəblər, kürdlər və digər etnik qruplara onilliklər ərzində zülm etdiyini vurğulayan Msalmi İranda hər il milli diskriminasiya motivi ilə 350-dən çox insanın edam olunduğunu və sözegedən qətllərin İran ərazisi ilə məhdudlaşmayaraq, digər formada Avropada da həyata keçirilidiyini diqqətə çatdırıb.

Məqalədə təhlükəsizlik səbəbi ilə adının açıqlanması münasib sayılmayan Güney azərbaycanlı fəal panel iştirakçılarına etdiyi müraciətdə Avropanı Güney Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə molla rejiminə qarşı sanksiyalar tətbiq etməyə çağırıb: “Deportasiya və ayrı-seçkiliyin digər formaları ilə üzləşən 30 milyon azərbaycanlını millət kimi tarixdən silmək üçün davamlı cəhdlər göstərilir. Mədəniyyət abidələrimizi dağıdaraq keçmişimizi əlimizdən alır, övladlarımıza Azərbaycan adları qoymağı yasaqlamaqla bizi gələcəyimizdən məhrum edirlər. Sizdən xahiş edirik ki, Tehranın və onun Avropadakı əlaltılarının İran əhalisinin üçdə birinin diskriminasiyasına susmasına imkan verməyəsiniz”.

Panel müzakirədə əsas məruizəçi qismində çıxış edən İsrailin ərəb dünyası və İran üzrə ən tanınmış eksperti, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Tel-Əviv Universitetinin mühazirəçisi doktor Mordexay Kedar diqqətə çatdırıb ki, “İran” adlanan məmləkətə bütün sahələrdə tarix boyu ən böyük töhfələri vermiş azərbaycanlılar sistematik təqib və təcridlə üzləşməkdədirlər. Xüsusən azərbaycanlıların mədəni hüquqları baxımından məruz qaldıqları repressiyalar onlara yadlaşma hissini yaşatmaqla öz ölkələrinə bağlılıqlarını sarsıdır: “Biz İranda azərbaycanlıların sıxışdırılması problemini tanımalı və həll etməliyik. Onların mədəni hüquqlarının inkarı, iqtisadi bərabərsizliyi və siyasi marginallaşması artıq gözardı edilə bilməz. Gəlin, birlikdə ədalət, bərabərlik və Azərbaycan xalqının İranda haqlı yerinin tanınmasını tələb edək”. Doktor Kedar vurğulayıb ki, azərbaycanlılar İranda onların hüquqlarını müdafiə etməyə çalışan İsrail Knessetinin 32 deputatının imzasına müdaxilə etməklə ciddi siyasi səhvə yol vermiş Rza Pəhləvinin arxasınca getməməlidirlər.

Müzakirələrdə çıxış edən Avropa Parlamentinin İtaliyadan olan deputatı Françeska Donato bəyan edib ki, teokratik rejimlər və hökumətlər öz idarəçilikləri ilə dini dözümsüzlük yaradırlar və avropalı parlamentarlar etnik qruplara, o cümlədən azərbaycanlılara qarşı istənilən ayrı-seçkiliyə və təqiblərə qarşı mübarizə aparacaqlar.

Xəbər lenti