Logo

Yüksək Texnologiyalar Parkı və “Tatneft” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

07.07.2023 20:04 241 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) “SOCAR Rusiya” şirkətinin rəhbəri Rüfət Mahmud, Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin Neft-qaz Kimya Kompleksinin direktoru Bikmurzin Azatbaş və həmin qurumun “Neft və Qaz Emalı” biznes yönümlü müəssisəsinin rəhbəri, “TANEKO” Səhmdar Cəmiyyətinin baş direktoru İlşad Salahovla görüş keçirilib.

YTP-dən "Tehsil.biz"ə bildirilib ki, qonaqlar texnoparkın nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzinin, habelə YTP-nin rezidenti olan Təcrübə-Sənaye Zavodunun (TSZ) fəaliyyəti ilə tanış olublar.

YTP-nin baş direktoru Vasif Abbasov qonaqlara texnoparkda həyata keçirilən layihələr, burada mövcud olan maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti barədə məlumat verib. Baş direktor görüşün “Tatneft” ilə müvafiq sferada əməkdaşlıq imkanlarının müzakirəsi və Rusiyanın bu sahədəki zəngin təcrübəsinin YTP-də tətbiqi baxımından əhəmiyyətini qeyd edib, eləcə də iki qurum arasında kadr mübadiləsinin aparılmasının, birgə layihələrin həyata keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

Daha sonra “Tatneft” Publik Səhmdar Cəmiyyətinin nümayəndələri çıxış edərək təmsil etdikləri şirkət haqqında məlumat veriblər. Parkda həyata keçirilən layihələr və istehsal edilən rəqabətqabiliyyətli innovativ məhsulları yüksək qiymətləndirən nümayəndə heyəti “Tatneft”in YTP ilə əməkdaşlıq əlaqələrinin qurulması üçün lazımi köməkliyi göstərməyə hazır olduqlarını bildiriblər.

Sonda iki qurum arasında əməkdaşlığın davamlı inkişafına dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsinin hər iki qurumun inkişafına müsbət təsir edəcəyi vurğulanıb.

Daha sonra nümayəndə heyəti akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna (AKİ) yollanıblar. İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev qonaqlara institutun ölkə üzrə tətbiq olunan və olunmağa tövsiyə edilən elmi tədqiqatların nəticələri ilə bağlı ən çox patent alan elmi-tədqiqat müəssisəsi olduğuni bildirib.

Sonda “Tatneft” Publik Səhmdar Cəmiyyəti ilə Aşqarlar Kimyası İnstitutunun gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xəbər lenti