"Elm və Təhsil Nazirliyinin əsas vəzifəsi ölkənin təhsil siyasətini formalaşdırmaq və onu sistemli reallaşdırmaqdır. nazirliyin son 3 ildəki fəaliyyətinə baxanda isə belə təəssürat yaranır ki, nazirliyin əsas vəzifəsi müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarının aparılmasıdır. Bu ərəfədə keçirilən “Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbir bir daha bunu göstərdi. Peşəkar müəllim hazırlamaq Elm və Təhsil Nazirliyinin əsas vəzifələrindən biridir. Amma davamlı olaraq sertifikatlaşmadan danışmaqla müəllimin peşəkarlığı artmaz. Bundan ötrü əlavə çox iş görülməlidir. Bütün bu işlərdən sonra sonuncu mərhələdə sertifikatlaşma olmalıdır. Əks halda sertifikatlaşma peşəkarlığa yox, başqa məqsədlərə xidmət etmiş olur".
Bu sözləri "Tehsil.biz"ə elm və təhsil naziri Emin Əmrullayevin sertifikatlaşdırmada yüksək nəticə əldə edilən müəllimlərlə “Sertifikatlaşdırma: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən görüşünü şərh edən təhsil eksperti İlham Əhmədov deyib.
Ekspert bildirib ki, peşəkar müəllim keyfiyyətli təhsilin mühüm amilidir, amma bu yeganə amil deyil: "Burada əlavə çox məsələlərə diqqət yetirilməlidir, hansı ki, diqqətdən kənardadır. Niyə təhsilin keyfiyyəti ilə əlaqədar digər məsələlər kölgədə qalır, amma müəllim amili daim qabardılır? Çünki müəllim amilini qabatrmaq, müəllimləri qeyri-peşəkar adlandırmaq sertifikatlaşmaya yol açır. Dünyanın heç bir ölkəsində Təhsil Nazirliyi sertifikatlaşmaya bu qədər önəm vermir. Onlar təhsilin keyfiyyətini kompleks yanaşma ilə yüksəldirlər. Bir tərəfli yanaşma ilə təhsildə keyfiyyət artmaz. Çünki təhsil mürəkkəb və dinamik sahədir, bu sahədə dövlət siyasəti formalaşdırmaq və icra etmək asan məsələ deyil. Pedaqogika elminin əsaslarını, sadə anlayışları bilmək, təhsil siyasətində bunu nəzərə almaq lazımdır, təəssüf ki, hər addımda qeyri-peşakarlıq özünü göstərir".
İlham Əhmədov qeyd edib ki, sözügedən tədbirdə müəllimlərin sertifikasiya kompaniyası Elm və Təhsil Nazirliyinin böyük bir nailiyyəti, qələbəsi kimi təqdim edilməsi cəhdi hiss edilirdi: "Nəhayət ki, Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyinə çevrilməsi prosesinin ilk addımlarını ölkə 12 aydır ki, səbrsizliklə gözləyir, amma heç bundan danışan yoxdur. Bu ərəfədə milli universitetlərimizin qlobal reytinqlərdə çox zəif nəticə göstərməsini nazirlik sakitcə qarşıladı, sanki daim bu belə olmalıdır. Tədbirdə iştirak edən nazir “sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlər üçün təlimlər keçirilsə də, bəzi müəllimlər bu təlimlərə qoşulmurlar. Çalışırıq ki, sertifikasiyadan keçə bilməyən müəllimlər üçün təlimlər keçək və həmin müəllimləri də lazımi səviyyəyə qaldıra bilək. Lakin təəssüf ki elə müəllimlər var ki, təlimlərə də qoşulmurlar", - deyə qeyd etdi. Təhsil ictimaiyyəti yaxşı bilir ki, ölkədə müəllimlərin təkmilləşdirilməsi sistemi artıq 20 ildir ki, dağıdılıb. Belə bir şəraitdə müəllimlərin təkmilləşdirilməsi ilə hansı qurum məşğul olacaq? Yenə də dost-tanışın QHT və MMC-ləri? QHT və MMC-lərin ümidinə qalan təhsil sistemi bu gündə olar elə".
Ekspert vurğulayıb ki, müəllimlərin təkmilləşdirmə institutlarının fəaliyyətini gec də olsa, bərpa etmək lazımdır: "Əgər belə qurumlara ehtiyac olmasa idi, Həkimlərin Təkmilləşdirmə İnstitutu və digər nazirliklərin analoji qurumları öz fəaliyyətini hələ də davam etdirməzdi. Nazir daha sonra "məktəb direktorlarına tam müstəqillik vermək olmaz", - deyə fikir bildirdi. Təhsil ictimaiyyəti bunu da yaxşı bilir ki, "müəllimlərin işə qəbulu 1992-2002-ci illərdə məktəb direktorları tərəfindən həyata keçirilirdi. Nazirlik məktəb direktorlarının bu işinin nəticəsindən "narazı" qalıb, prosesi təhsil şöbəsinə etibar etdi. Lakin təhsil şöbələrinin bu işi də nazirliyi "razı" sala bilmədi. Nazirlik təhsil şöbələrinin işindən elə həddə "narazı" qalıb ki, Bakı şəhəri üzrə bütün təhsil şöbələrini ləğv etdi, ölkə üzrə müəllimlərin işə qəbulu kimi ağır və "məhsuldar" işi öz əlinə alıb. Halbuki onun əsas vəzifəsi ölkədə təhsil islahatları aparmaq idi".
İ.Əhmədov qeyd edib ki, son illər işə qəbul edilən müəllimlərin də arasında sertifikasiyadan aşağı nəticə göstərənlər az deyil: "Bəziləri deyirlər ki, sertifikasıyanın məqsədi müəllimlərin işə qəbulu üçün fasiləsiz olaraq yeni vakant yerlərin yaradılmasına xidmət edir, bu məqsədlə ilbəil suallar da qəlizləşdirilir. Hansı həddə qədər? Belə getsə, deyəsən doktoranturaya qəbulda olduğu kimi burada da ingilis dilindən beynəlxaq sertifikat tələb edəcəklər".
Mərcanə Əsədova