“Mədəniyyət” kanalında “Vətənim” verilişinin Qeys ibn Müləvvəha - aşiq və şair Məcnuna həsr olunan ikinci buraxılışı yayımlanıb.
Tehsil.biz xəbər verir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan verilişdə bir çox Yaxın Şərq xalqlarının folklorunda yayılmış “Leyli və Məcnun” haqqında dastanların qəhrəmanı Məcnundan bəhs edilib.
Akademik Rafael Hüseynov bildirib ki, gerçək Məcnunu bizə ilk tanıdan 889-cu ildə vəfat etmiş ərəb yazıçısı Əbu Məhəmməd ibn Müslim İbn Qüteybə olub. O, ilk qələm adamıdır ki, gerçək Məcnunla bağlı əhvalatları, onun eşq macəraları ilə bağlı söylənənləri, Məcnunun ilk şeirlərini bir yerə cəmləyib. Digərləri isə Məcnundan yazarkən İbn Qüteybə istinad ediblər.
Verilişdə Məcnunun dostu Qeys ibn Zərihlə münasibətlərindən, Qeys ibn Müləvvəhın sufi olmasından, eşqin şərabını içərək Məcnuna çevrilməsindən danışılıb.
İkinci buraxılışı buradan izləyə bilərsiniz.