Logo

Direktorların işə qəbulu prosesi necə keçirilir? - QAYDA

06.07.2023 16:04 665 baxış
IMG

Məlum olduğu kimi, iyulun 6-da 8 şəhər və rayon üzrə 9 imtahan mərkəzində şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilir. 

Tehsil.biz xəbər verir ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Direktorların işə qəbulu dörd mərhələdən (elektron ərizələrin qəbulu, yazılı imtahan, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarət müsabiqə yolu ilə keçirilir. Müsabiqənin yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarət olaraq keçirilir. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim edilir.

Təqdim olunan sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunur. Namizədin seçdiyi esse mövzuları üzrə mümkün 10 baldan yarısını toplayanlar müsahibə mərhələsinə buraxılır. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsahibə komissiyasına təqdim etməlidirlər.

Xəbər lenti