Logo

Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında dərc olunub

07.10.2020 19:00 773 baxış
IMG

Filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı Süsənbər Ağamalıyevanın məqaləsi Gürcüstanın nüfuzlu gaxa.ge informasiya portalında dərc olunub.

Tehsil.biz xəbər verir ki, “Şanlı Azərbaycan Ordusunun Qarabağa sülh yürüşü” sərlövhəli məqalədə sülhsevər xalq olan azərbaycanlıların otuz ildən artıq dövr ərzində torpaqlarının öz mənfur qonşusu ermənilər tərəfindən işğal olunmasına dözməsinin unutqanlıq anlamına gəlmədiyi bildirilir.

Müəllif yazır ki, “Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!” ifadəsi son günlər xüsusi aktuallıq kəsb edir və Ali Baş Komandan İlham Əliyevin yüksək beynəlxalq kürsülərdən dəfələrlə səsləndirdiyi sülh missiyasını şanlı Azərbaycan Ordusu separatizmi zərərsizləşdirməklə təmin etməkdədir.

Qeyd olunur ki, dünyanın 30 ildən artıqdır göz yumduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini Azərbaycan Ordusu yüksək diplomatik biliyə malik, mənsub olduğu ölkənin və dünyanın tarixini dərindən bilən Ali Baş Komandanının müdrik siyasəti nəticəsində həll etmək missiyasını öz üzərinə götürüb. Bu, son dərəcə çətin və şərəfli missiyadır - torpaqlarımızın işğaldan azad edilməsi və bir sıra beynəlxalq təşkilatların ikili standartlara xidmət edən, nəticəsiz danışıqlarına son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi missiyasının şanlı səhifəsidir.

Məqalədə yazılıb: “Azərbaycanın Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının rəhbərliyi ilə ordunun başladığı əks-hücum əməliyyatları gənclikdə və bütövlükdə Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradır və Azərbaycan dövlətinə inamı və ümidi daha da artırır.

S.Ağamalıyeva bir daha vurğulayır ki, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycana qaytarılacaq və tarixdə Azərbaycan torpağı kimi qalacaq!

AZƏRTAC

Xəbər lenti