"Sertifikatlaşma müəllimin peşə yararlılığını və peşəkarlıq səviyyəsini müəyyən edən presudurdur".
Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
Ekspertin sözlərinə görə, sertifikasiya qaydalarının yumşaldılması prosedurun sosial xarakterə yönəldilməsi yolverilməzdir:
"Biz müəllimin peşə yararlılığını yoxlayırıqsa, onda pedaqoji, psixoloji, metodiki suallar ən azı 60 sualın yarısını təşkil etməli idi, cəmi 20 sual nəzərdə tutulmuşdu, onun da 10 sualını 2022-ci ildə fənnə aid suallara verildi. Yəni biz test mərhələsində müəllimin peşə yararlılığını ümumi sualların cəmi 16-17 %-lə yoxlayırıq. Qoyulmuş sualların cəmi 16-17 %-i ilə peşə yararlılığını yoxlamaq mümkünsə... Müsahibə mərhələsini lazımı səviyyədə qura bilmədiyimizə görə onun nəticələrini də əməkhaqqının artımı zamanı hesablamırıq. Əgər nəticəni hesablamayacaqdıqsa, müsahibə mərhələsini niyə keçirdirik və ya müəllimi buradan toplaya biləcəyi maksimal 40 baldan niyə mərhum edirik, müəllimin haqqına niyə giririk?"

Elşən Qafarov bildirib ki, 60 yaşdan yuxarı yaşı olan müəllimlərin sertifikasiyada iştirakının könüllü edilməsi kökündən yanlış idi:
"Bu, Əmək Məcəlləsinin 16-ci maddəsinin 1-ci hissəsinin tələblərinə ziddir. Əmək münasibətlərində ayrı-seçkiliyə, o cümlədən yaşa görə ayrı-seçkiliyə yol verilmir. Eyni zamanda son 3 ildə işə qəbul olunanların sertifikasiyadan azad edilməsi anlayışı da yanlışdır. Sadəcə keçid müddəa kimi qəbul etmək olardı ki, 2020-ci ildən bu yana işə qəbul olunanlar 5 il müddətində sertifikatlaşmadan azaddır. Çünki müəllimlərin işə qəbulu imtahanlnda dəyişilik, yəni məntiqin çıxarılması 2020-ci ildə edilmişdi. Biz sertifikasiyanı Ukraynadan götürdük, orada keçid balı 60 % qoyulmuşdu. Müəllimlərin peşəkarlığının yoxlanması model olaraq keçmiş MDB məkanında ən yaxşı nümunə Qazaxıstan, bizim kimi inkişaf etmıkdə olan ölkələrdə isə Sinqapur modeli idi. Biz bunların heç birini götürmədik. Təhsil sənədlərinin açıq satıldığı Ukrayna modelini götürdük və müəllimlərin 1/3-ini sertifikasiyadan keçirməmiş yamaq-yamaq elədik".
Ekspert əməkhaqqı artımı ilə bağlı məsələyə də münasibət bildirib:
"Keçid balı 50 % qoyulmalı 0-49 bal toplayanlara minimum dərs yükü (həftəlik 6 saat) ilə bir ildə ikinci şans verilməli idi. Hazırda qismən bellədir. 51-100 bal toplayanlar isə üç kateqoriyaya bölünməli idi. 51-75 bal toplayanlar C kateqoriya-25 % əməkhaqqı, 76-90 bal toplayanlar B kateqoriya-əməkhaqqı 50 %, 91-100 bal toplayanlar A kateqoriya-əməkhaqqı 100 % artırılmalı idi. B və C kateqoriyalılar üçün hər il könüllü sertifikasiya təşkil olunmalı, onlara kateqoriyalarını artırmaq şansı yaradılmalı idi. Sertifikasiyanln müddətini beş ildən üç ilə endirmək ən doğru variant olardı".
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının test imtahanı və müsahibə mərhələsində uğur qazanan müəllimlərin vəzifə maaşına 10 faiz, test imtahanında 51 və daha artıq bal toplayıb müsahibə mərhələsində uğur qazanan şəxslərin vəzifə maaşına isə 35 faiz əlavə ediləcək.
Kənan Nağıbəyli
Həmçinin oxuyun: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərlə bağlı nazirə müraciət olunub