Logo

Ceyhun Məmmədov: "Tarix boyu bəşəriyyət dini zəmində baş vermiş münaqişələrdən əziyyət çəkib"

01.07.2023 11:00 419 baxış
IMG

"İsveçdə Qurani-Kərimin yandırılması növbəti dəfə Qərb demokratiyasının əsl mahiyyətini ortaya qoydu".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, demokratiyadan, insan hüquqlarından bəhs edən bir dövlətdə milyardlarla insanın müqəddəs kitabı olan Qurani-Kərimin dövlət qurumlarının gözü qarşısında yandırılması ilk hadisə deyil:

"Bu artıq bir neçə dəfədir ki, baş verir. Bədbəxt insanlar anlamır ki, Qurani-Kərimi, Tövratı və İncili bəşəriyyətə göndərən Allah-Təaladır. Bütün müqəddəs kitabların mənbəyi onların da inandığı, ibadət etdiyi Allahdır. Onlar bu əməlləri ilə yalnız müsəlmanları deyil, eyni zamanda uca Allahı qəzəbləndirir, ona qarşı çıxırlar. Onsuz da bu dövlətlərin, bu ölkələrin əli tarix boyu milyonlarla müsəlmanın qanına batıb. Təəssüf ki, bu gün də onlar bu ənənəni davam etdirirlər. Bununla sanki müsəlman dünyasına hansısa mesajı verməyə çalışırlar. Ancaq onlar anlamalıdırlar ki, bu daha çox onların da etiqad etdiyi Allaha qarşı atılmış bir addımdır". 

C.Məmmədovun sözlərinə görə, tarix boyu müsəlmanların İncili, Tövratı yandırmaları ilə bağlı bir dənə də fakt yoxdur:

"Bizim üçün Qurani-Kərim qədər İncil də, Tövrat da müqəddəs kitabdır. Çünki həmin kitablar da bizə Qurani-Kərimi göndərən Allah tərəfindən göndərilib. Bizim borcumuzdur ki, bütün müqəddəs kitablara hörmət və ehtiramla yanaşaq".

Millət vəkili bildirib ki, bu dövlətlər istər bilərəkdən, istər bilmədən dinlərarası münasibətlərin normallaşmasına xələl gətirirlər:

"Tarix boyu bəşəriyyət dini zəmində baş vermiş yüzlərlə münaqişədən ciddi əziyyət çəkib, çox sayda insan həyatını itirib. Bu gün həmin insanlar yenidən dinlər arasında qarşıdurmanı qızışdırmağa, nifaq toxumu səpməyə çalışırlar. Təəssüf ki, özünü demokratik, insan hüquqlarının müdafiəçisi hesab edən bir dövlətin timsalında nümunəsini də görürük. Bu gün bəşəriyyətin yüksək elminin inkişafının getdiyi bir dövrdə bu tərəqqinin tətbiqinə çalışan, elmin nailiyyətlərinə yiyələnən bir ölkə müsəlmanların Qurani-Kərimini yandıraraq özlərinin nə qədər cılız, mənəviyyatsız, əxlaqsız, tərbiyəsiz olduqlarını bir daha açıq-aydın göstərdilər. Əlbəttə, bir müsəlman olaraq belə hadisələrin baş verməsi bizi üzür. Ancaq onlar da bilsinlər ki, bu kitabın həqiqi sahibi uca Tanrıdır. Allah bu əməllərin hər birini görür və hər bir dövlət, hər bir ölkə, hər bir şəxs törətdiyi əməllərə görə mütləq öz layiqli cəzasını alacaqdır".

Mərcanə Əsədova

Xəbər lenti