Logo

Ədəbiyyat Muzeyinin əməkdaşları beynəlxalq simpoziumda məruzələrlə çıxış ediblər

24.06.2023 10:27 314 baxış
IMG

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları Türkiyənin İzmir şəhərində Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutu və Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Tarixdə Türk dünyası qadını” mövzusunda beynəlxalq simpoziumda iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə Ədəbiyyat Muzeyindən məlumat verilib.

Bildirilib ki, Türk dünyasının tanınmış qadınlarına, qadının ictimai-siyasi və elmi-mədəni mühitdə mövqeyi və cəmiyyətin inkişafında rolu kimi qlobal məsələlərə həsr olunmuş simpoziuma Türkiyə, Azərbaycan və Özbəkistanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və digər ölkələrdən də alim və tədqiqatçılar qatılıblar.

Ədəbiyyat Muzeyinin əməkdaşları simpoziuma distant formada qoşularaq maraqlı mövzularla çıxış ediblər.

Tədbirin açılış mərasimində Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun professoru Nadim Macit, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru professor Azamat Ziyo və Ege Universitetinin rektoru professor Necdet Budak qonaqları salamlayaraq simpoziumun işinə uğurlar arzulayıblar.

Simpoziumun panel iclaslarında muzeyin ekspozisiya müdiri Tomris Babanlı “Həmidə xanım Cavanşir – Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndəsi”, Doktorantura və elmi inkişaf şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Azərbaycan qadını milli mətbuatda” mövzularında məruzələrlə çıxış ediblər. Həmçinin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiqin “Hüma Natiqin əsərlərinin İran, Qafqaz və Azərbaycan tarixşünaslığında rolu”, həmin şöbənin kiçik elmi işçisi Mehriban Vəliyevanın “Türk dünyasının ilk qadın hökmdarı – Tomris”, Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyevanın “Türk dünyasının istiqlal şairəsi Ümmügülsüm Sadıqzadə”, həmin şöbənin elmi işçisi Aysel Məhərrəmovanın “Azadlıq və istiqlal şairi Mədinə Gülgün” mövzularında məruzələri dinlənilib.

Xəbər lenti