Logo

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üzrə müsahibələr davam edir

22.06.2023 11:58 343 baxış
IMG

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üzrə müraciət etmiş şəxslərin müsahibələri davam edir.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, prosesi izləmək məqsədilə iyunun 21-də media nümayəndələrinin iştirakı ilə müsahibələrin təşkil edildiyi mərkəzə mediatur keçirilib.

Müsahibəyə gələn namizədlərin təəssüratlarını öyrənən media nümayəndələri prosesin gedişatı ilə yaxından tanış olublar. Müsahibə mərhələsinə mayın 15-dən start verildiyini diqqətə çatdıran Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova məlumat verib ki, proqrama müraciət edən namizədlərin seçimi iki mərhələdən ibarətdir. İlk mərhələdə namizəd tələb olunan sənədləri elektron ərizə sistemində yaratdığı “Şəxsi kabinet”ə əlavə etməklə ərizəni təsdiq etməlidir. Müvafiq seçim qaydalarının tələblərinə uyğun gələn namizədlərin müraciətləri dəyərləndirilir və müsbət qiymətləndirilən şəxslər aidiyyəti üzrə növbəti mərhələyə buraxılırlar. Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertlərin iştirakı ilə həyata keçirilir.  Müsahibənin nəticəsinə uyğun olaraq namizədlər haqqında yekun qərar verilir.

 Mediatur çərçivəsində media nümayəndələrini maraqlandıran müvafiq suallara aydınlıq gətirilib.

Qeyd edək ki, Dövlət Proqramına son müraciət tarixi 14 iyul 2023-cü ildir. Proqrama prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə "Times Higher Education", “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız universitetlər üzrə top onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər də müraciət edə bilərlər.  Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz.

Xəbər lenti