Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tanınmış şərqşünas alim, Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı Əsmətxanım Məmmədova ilə görüşüb, onu yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Hörmətli Əsmətxanım müəllimə,
Sizi – tanınmış ictimai və elm xadimini 80 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyirik!
Siz hələ BDU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsində III kursda oxuyarkən “Fars ədəbi dili və Tehran dialektində baş verən fonetik dəyişikliklər” məruzənizə görə Moskva Dövlət Universitetinin “Fəxri fərmanı” və fəxri tələbə bileti ilə təltif edilmisiz. 1965-ci ildə universiteti bitirdikdə, Elmi Şuranın qərarı ilə kafedrada saxlanılmısız.
Sizin 2007-ci ildə nəşr olunan “Fars dilində vurğu” eksperimental tədqiqat işiniz yalnız fars dilçiliyi üçün deyil, həmçinin ümumi dilçilik üçün təcrübi nəticələrlə zəngindir. “Fars dilinin orfoqrafiyası” kitabınız bu sahədə mütəxəssislər və tələbələr üçün əyani vəsait kimi nəzərdə tutulub. Sizin “Lətifələr, yumoristik hekayələr və tapmacalar” adlı (ədəbi dil və danışıq dili ilə müqayisə əsasında çap olunan) dərs vəsaitiniz fakültə tarixində ilk təcrübə sayılır. Siz bir sıra jurnalların redaksiya heyətinin üzvü və elmi ekspertisiz.
Siz uzunmüddətli pedaqoji təcrübəyə malik ziyalı olaraq geniş şöhrət qazanmısız. Sizin 150-yə yaxın məqaləniz Azərbaycanda və xaricdə çap (və təkrar çap) olunub.
Sizin kitablarınız akademik çevrələrdə, kitabxanalarda, universitetlərdə özünəməxsus sayğılı yerə sahibdir və onlara tez-tez müraciət edilir.
Sizi Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!
Yubilyara Mədəniyyət Komitəsinin Təbrik məktubu və xatirə hədiyyələri təqdim edilib.
Yubilyar səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.