Logo

Ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri - FOTO

14.06.2023 19:05 280 baxış
IMG

İyunun 14-də Bakı şəhəri 229 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Coşqun Cəbrayılov və digər qonaqlar iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Salamlama nitqi ilə çıxış edən məktəbin direktoru Vüsalə Məmmədova məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyib. Direktor rəhbərlik etdiyi təhsil ocağında ümumilikdə 1 537 şagirdin təhsil aldığını, onlardan 107 nəfərin bu il məzun olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli məzunları XI sinfi başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək təhsil həyatlarında nailiyyətlər arzulayıb və şagirdlərin vətənə, xalqa, dövlətə layiqli gənclər, şəxsiyyətlər kimi yetişəcəyindən əminliyini bildirib. Aparat rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərin gələcəyimiz olan gənclərə daha yaxşı təhsil imkanı yaratmaq, təhsilin əlçatanlığını təmin etmək və savadlı nəsil yetişdirmək olduğunu vurğulayıb.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva da öz növbəsində dərs ilinin başa çatması münasibətilə bütün təhsil iştirakçılarını, xüsusilə məzunları təbrik edib. İdarə müdiri ötən tədris ilində paytaxtın təhsil həyatında yaddaqalan məqamlar, həyata keçirilən uğurlu layihələr və yeniliklərdən danışıb, məzunlara uğurlar arzulayıb.

Nizami RİH-in başçısı Coşqun Cəbrayılov çıxış edərək “Son zəng” münasibətilə məzunları təbrik edib, ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan müvafiq proqramların təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyilləri yaratdığını söyləyib.

Xəbər lenti