"Müəllimlər üçün qızıl nədir ki?! Bu, onları kiçiltməkdir. Onlar ləl-cəvahirə də layiqdir".
Tehsil.biz xəbər verir ki, bunu Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov sosial şəbəkədə müəllimlərə qızıl hədiyyə edilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müəllim həqiqətən də bilməlidir ki, bahalı hədiyyə onu satın almaqdır:
"O artıq valideynlərlə məişət səviyyəsində ünsiyyətə də razı olmalı olacaq. Müəllim və valideyn arasında isə işin keyfiyyəti naminə sadəcə peşəkar münasibət olmalıdır. Müəllim ona təklif olunan bahalı hədiyyəni nəzakətlə rədd etməlidir. Valideynlər və müəllimlər cəmiyyətin böyük bir kütləsini təşkil edir".
Q.Məhərrəmov bildirilib ki, hələ də böyük bir kütlə öz işini görən insanlara bahalı hədiyyələr almağa meyillidir:
"Müəllim vüqarla "mən öz işimi görmüşəm" deməli, valideyn də minnət və ehtiramla təşəkkür etməlidir. Bu təfəkkür SSRİ dövründə hərbi xidmətdə olan övladlarının sovqat çantasına komandir üçün xüsusi hədiyyə qoyan böyüklərimizdən gəlir. Gəlin, dəyişək, əziz müəllimlər, əziz valideynlər! Əziz müəllim həmkarlar, gəlin özümüzə, peşəmizə, təmsil etdiyimiz quruma, nazirliyə, dövlətə hörmət qoyaq! Əziz valideynlər, gəlin müəllimləri əlimizə almağa çalışmayaq, övladlarımıza ikili standartla davranmaları üçün cəhd göstərməyək, əməllərimizə, niyyətlərimizə alət etməyək, bütün şagirdləri övladlarımız bilək, müəllimlərin niyyətlərini pozmayaq, onlara sadəcə minnətdar olaq!"
Mərcanə Əsədova