“Dünyanın elə ölkələri var ki, müəllimi 62 yaşında təqaüdə çıxarırlar və onlar narazı qalmırlar. Müəllim nəyə görə işləmək istəyir? Çünki təminat baxımından işləməyə məcburdur".
Tehsil.biz xəbər verir ki, bu sözləri təhsil eksperti Nadir İsrafilov deyib.
Ekspert bildirib ki, bu gün ölkəmizdə orta ömür 71 yaşdır:
"Əgər müəllimi 70 yaşda işdən azad ediriksə, onun müstəqil, rahat həyat keçirmək üçün cəmi iki il vaxtı qalır. Ancaq təminatı olsa, yüksək təqaüd verilsə, hamı istəyər ki, gedib gəzsin, istirahət etsin. Müəllim əməyi o qədər də asan iş deyil, gənc nəslin tərbiyəsi ilə məşğul olub, əsəbləri gərgin vəziyyətdədir. Ona görə də yaşın azaldılması məntiqi cəhətdən daha səmərəlidir".
Nadir İsrafilovun sözlərinə görə, bazarın tələblərinə uyğun maddi təminat yoxdur deyə yaşlı nəsil çalışır ki, daha çox işləsin:
"Yəni orada müəllimin yaşı yox, səriştəsi, bacarığı, fiziki sağlamlığı əsas götürülməlidir. Yaşlı nəslə xor baxmaq doğru mövqe deyil. Gənclərə geniş yer veririk, ancaq gənclər də unutmamalıdır ki, yaşlı nəsil onları gətirib bu ərsəyə çatdırıb. Ona görə də kütləvi şəkildə “yaşı çatıb getməlidir, gənc nəsil gəlməlidir” kimi fikirlər doğru deyil”.
Kənan Nağıbəyli