Logo

Müəllimlərin işə qəbulu üzrə müsabiqə necə keçirilir? - QAYDA

09.06.2023 09:19 639 baxış
IMG

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Elm və Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

Tehsil.biz xəbər verir ki, müsabiqə 4 mərhələdən - elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsindən ibarətdir.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər. İştirak etmək istəyən namizədlər elektron sənəq qəbulu üçün elan edilən vaxtda miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılır. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanır. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq edilir. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə – 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərir.

Müsabiqənin test imtahanı mərhələsində namizədlərin imtahan nəticələri əsasında müsabiqə üzrə minimum tələb (keçid balı) müəyyənləşdirilir. Test imtahanı mərhələsində toplanmış bal yalnız həmin tədris ili üçün qüvvədədir.

Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanır.

Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər.Müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.
Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçirilir.

Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.
Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Kənan Nağıyev

Xəbər lenti