Logo

BANM rektoru Bakı Enerji Forumunda çıxış edib - FOTO

07.06.2023 10:01 186 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 28-ci Bakı Enerji Forumunda “Uğurlu enerji keçidi prosesində insan kapitalının inkişafında Bakı Ali Neft Məktəbinin rolu” mövzusunda təqdimatla çıxış edib.

Tehsil.biz xəbər verir ki, rektor çıxışında Bakı Ali Neft Məktəbinin Azərbaycan Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olduğunu vurğulayaraq qeyd edib ki, BANM Prezident təqaüdçülərinin sayına görə liderdir, ölkədə ən yüksək keçid balları bu ali təhsil ocağının ixtisaslarınadır.

O, Ali Məktəbin tərəfdaşı olduğu şirkət və ali təhsil müəssisələrindən, beynəlxalq əməkdaşlıqdan, elmi-tədqiqat layihələrindən, təlim proqramlarından bəhs edib. Elmar Qasımov Ali Məktəbdə son bir ildə yaradılan laboratoriyalar və onların elmi-tədqiqat layihələrinin həyata keçirilməsində roluna da toxunaraq bildirib ki, BANM-də İtaliyanın “Maire Tecnimont” şirkəti tərəfindən Polimerlər laboratoriyası, Avropa İttifaqının (Aİ) qrantı əsasında maliyyələşən ITACA laboratoriyası qurulub. BANM-in rektoru ali təhsil müəssisələrinin kadr hazırlığı ilə yanaşı, yüksək təlim prosesində iştirakının da vacibliyini vurğulayıb və bu xüsusda Ali Məktəbdə SOCAR və Boğaziçi Universitetinin birgə təşkil etdiyi Liderlik Akademiyasının “Strateji Rəhbərlərin İnkişafı”, SOCAR-ın İstedadlar proqramı, SOCAR əməkdaşları üçün Layihələrin idarəedilməsi təlimi, həmçinin ABŞ-nin Dyuk Universiteti ilə Layihələrin İdarəolunması Məktəbi kimi təlim proqramlarının xüsusi rolunu qeyd edib.

O, çıxışında Ali Məktəbdə #yaşılenerji sahəsində addımlar atıldığını, böyük planlar olduğunu bildirib. Xatırladıb ki, Elm və Təhsil Nazirliyinin qrifi ilə özünün də həmmüəllifi olduğu ‘’Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” adlı Azərbaycanda ilk universitet dərsliyi çap olunub.

Rektor Bakı Ali Neft Məktəbinin məzunlarının SOCAR və ölkənin digər müəssisələrində, transmilli şirkətlərdə uğurla fəaliyyət göstərdiyini də vurğulayaraq qeyd edib ki, BANM Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin kadrlarının milliləşməsində böyük rol oynayır və bu qürurvericidir.

Xəbər lenti