Logo

“Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII beynəlxalq konfrans öz işinə başlayıb - FOTO

06.06.2023 20:39 220 baxış
IMG

İyunun 6-da Bakıda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN), Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda VII beynəlxalq konfrans öz işinə başlayıb.

AMEA-dan "Tehsil.biz"ə verilən məlumata görə, tədbirdən öncə konfrans iştirakçıları Fəxri Xiyabanda müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarı üzərinə tər gül dəstələri qoyub, ruhu qarşısında baş əyiblər.

Akademiyanın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, AR fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandal, FHN-in, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, bir sıra ali məktəblərin rektorları, Türkiyə, Özbəkistan, Rusiya, İtaliya, ABŞ, Yaponiya, Böyük Britaniya və digər ölkələrdən alimlər, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər.

Konfransda giriş nitqi ilə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində AMEA-da başda Humanitar və İctimai Elmlər və digər bölmələr daxil olmaqla Ulu Öndərin çoxcəhətli, genişmiqyaslı fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə həsr edilmiş respublika və beynəlxalq səviyyəli tədbirlər keçirilir. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu tədbirlər sırasında Türkiyənin, Özbəkistanın, Gürcüstanın Elmlər akademiyalarının, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının rəhbərliklərinin iştirakı ilə keçirilən AMEA-nın Ümumi yığıncağının xüsusi iclası xüsusi əhəmiyyət daşıyır.

AMEA rəhbəri, həmçinin alimlərimiz tərəfindən Ulu Öndərin həyatının çoxcəhətli fəaliyyətini fundamental elmi əsaslarla tədqiq edərək ərsəyə gətirilmiş 29 akademik nəşrin çapdan çıxdığını diqqətə çatdırıb. Eyni zamanda “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilən nəsli kəsilməkdə olan ağaclardan ibarət “Nadir ağaclar parkı”nın da salındığını söyləyib.

Bugünkü konfransın önəminə toxunan akademik İsa Həbibbəyli Azərbaycanda seysmologiya xidmətinin əsaslarının Ulu Öndər tərəfindən yaradıldığını, onun göstərdiyi dəstək sayəsində inkişaf etdiyini və hazırda Prezident İlham Əliyevin ölkə həyatının bütün sahələriylə bərabər, seysmologiyanın da inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulayıb: “Hazırda ölkə başçısının dəstəyi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi işğaldan azad olunmuş ərazilərdə seysmoloji xidmət mərkəzlərini qurmağa başlamışdır. Bu il onlardan bir neçəsinin açılışı olacaq və bütün zəruri hazırlıq işləri də görülür. Bu prosesdə qardaş Türkiyə Cümhuriyyətinin də göstərdiyi diqqət və qayğını qeyd etməyi özümə borc bilirəm. Bu gün başlayan konfransla seysmologiyanın ən aktual məsələlərini, seysmologiya xidmətinin təcrübəsini, ənənələrini, yeniliklərini beynəlxalq ictimaiyyətlə bir yerdə müzakirə edib, mühüm elmi nəticələrə gəlinəcək. Ölkəmizin ayrı-ayrı dövlət qurumları üçün seysmoloji xidmətin təşkilini müasir səviyyəyə qaldırmaq böyük əhəmiyyətə malikdir. Buna görə də Fövqəladə Hallar Nazirliyi ilə AMEA-nın nəzdində Seysmoloji Xidmət Mərkəzinin birgə keçirdiyi bu tədbirdə elm adamlarıyla yanaşı, eyni zamanda digər dövlət qurumlarının nümayəndələri də iştirak edirlər”.

Türkiyədə bu ilin fevral ayında baş vermiş zəlzələnin ağır nəticələrinin regionda seysmologiya elminə olan diqqəti artırdığını deyən natiq dəhşətli hadisənin ilk saatlarında Prezident İlham Əliyevin tapşırığı əsasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının qardaş ölkədə xilasetmə işlərinə cəlb edildiyini, Azərbaycanın humanitar yardımlar göndərdiyini, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin rəhbərliyi ilə isə Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının həmin bölgədə müasir texnologiyalar tətbiq etməklə elmi tədqiqatlar apardıqlarını söyləyib.

“Azərbaycan seysmoloqlarının Türkiyənin AFAD təşkilatı ilə sıx əlaqələri var. Bu, hər iki ölkədə seysmologiya elminin inkişafına özünün töhfələrini verir. Bildiyiniz kimi, Prezident İlham Əliyev zəlzələnin nəticələrinin aradan qaldırılması prosesində də qardaş ölkəyə dövlətimizin dəstəyinin davam etdiriləcəyini bəyan etmişdir. Kahramanmaraş bölgəsində ölkəmizin dəstəyi ilə 1000 evdən ibarət “Azərbaycan məhəlləsi” salınacaqdır. Bu, Prezidentlərimiz İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dostluq, qardaşlıq münasibətlərinin çox ibrətamiz bir nümunəsidir. Bu günlərdə Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə başa çatmış Prezident seçkiləri münasibətilə qardaş Türkiyə Cümhuriyyətini və tədbirdə iştirak edən türkiyəli həmkarlarımızı ürəkdən təbrik edirəm”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

AMEA rəhbəri çıxışının sonunda bildirib ki, bu gün müstəqil Azərbaycan dövləti Ulu Öndərin atdığı təməllər üzərində Prezident İlham Əliyevin liderliyində özünün intibah dövrünü yaşayır və ölkə başçısının apardığı məqsədyönlü siyasət ən yaxın zamanda dünya üçün çox əhəmiyyətli olan Zəngəzur dəhlizinin açılmasına, Ermənistanla sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracaqdır.

Təqdimatla çıxış edən TÜBİTAK-ın rəhbəri, professor Hasan Mandal isə qeyd edib ki, “Bir millət, iki dövlət” anlayışını əsas götürən Azərbaycan və Türkiyə daim hər sahədə bir-birinə dəstək verməkdədir. Türkiyənin zəlzələdən ən çox zərər çəkən ölkələrdən biri olduğunu deyən H.Mandal zəlzələ, daşqınlar, qida təhlükəsizliyi, xam maddə çatışmazlığı, miqrasiyanın gələcək 10 il ərzində başlıca fəlakətlər olacağını bildirib və bu problemlərin ümumi baxış tələb etdiyini və bir-birindən qaynaqlandığını söyləyib. 1980-2019-cu illər ərzində iqlim dəyişikliyi nəticəsində təbii fəlakətlərin sayında artımın müşahidə olunduğunu diqqətə çatdıran Hasan Mandal nəticədə elmə və alimlərə olan ehtiyacın daha da artacağını, bu problemlərin multidissiplinar yanaşma tələb etdiyini vurğulayıb.

TÜBİTAK-ın uzun illərdir zəlzəyə dair araşdırmalar apardığını deyən professor həyata keçirilən tədbirlərlə fərdi tədqiqatların sistemləşdirilərək multidissiplinar araşdırmalara çevrildiyini, nəticələrin mütəmadi ictimaiyyətə açıqlanması ilə cəmiyyətin də problemə cəlb olunduğunu söyləyib.

Azərbaycanın elmi qurumları ilə uzun illərdir əməkdaşlıq etdiklərini vurğulayan Hasan Mandal əlaqələrin bundan sonra davam etdiriləcəyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

AR fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev isə çıxışında mövzunun bəşəriyyət üçün əhəmiyyətinə toxunub və təbii fəlakətlər zamanı itkilərin minimuma endirilməsinin başlıca vəzifələrdən olduğunu deyib. Türkiyədə fevral ayında baş vermiş zəlzələ zamanı Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi tədbirlər barədə məlumat verən Etibar Mirzəyev 940 nəfər FHN əməkdaşının axtarış-xilasetmə işlərinə qoşulduğunu, könüllülərin cəlb edildiyini, mobil səhra hospitalının qurulduğunu, qardaş ölkəyə humanitar yardımların edildiyini söyləyib.

Türkiyə dövlətinin və xalqının artıq zəlzələnin nəticələrini aradan qaldırdığını vurğulayan Etibar Mirzəyev zəlzələ məsələsinə kompleks yanaşılmasının vacibliyini bildirib, insan itkilərini azaltmaq üçün ilk növbədə tikilən binaların möhkəmliyinə diqqətin yetirilməli olduğunu deyib.

Konfransda, həmçinin Böyük Britaniyalı seysmoloq İan Pierce, ABŞ-dan Eric Sandvol Gürcüstandan Tea Godoladze və Rusiyadan gəlmiş Boris Trifonov çıxış edərək tədbirin əhəmiyyətinə toxunub, müzakirə olunacaq mövzuların seysmologiya elminin inkişafına töhfə verəcəyini bildiriblər.

Daha sonra tədbir öz işini panel iclasları ilə davam etdirib.

Qeyd edək ki, konfrans öz işini iyunun 9-da başa vuracaq. Tədbir iştirakçılarının Şuşa şəhərinə səfəri də nəzərdə tutulub.

Xəbər lenti