Logo

Abşeron və Qəbələdə becərilən çaytikanı bitkisinin məhsuldarlığı araşdırılıb

04.06.2023 20:53 290 baxış
IMG

Çaytikanı (Hippophae L.) meyvəsi mineral maddələrlə və vitaminlərlə zəngindir. Onun tərkibində insan orqanizmi üçün zəruri olan maddələr vardır. Bunlardan üzvü turşular, azotlu maddələr, yağlar, mineral duzlar, fermentlər, qlikozitlər, fitonsidlər və başqa bioloji fəal maddələr vardır. O, qədim zamanlardan bioloji fəal maddə və vitaminlərlə zəngin bitki olaraq mövcuddur, insan qidasının, təsərrüfat, dərman və s. ehtiyaclarının ödənilməsində əhəmiyyət kəsb edib. Meyvəsi insanların qidası və müalicə məqsədi üçün istifadə edilmişdir. Onun giləmeyvəsi insan orqanizmini faydalı maddələrlə təmin edir.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Çaytikanı bitkisinin Azərbaycan florasında özünəməxsus yeri var. Görünüşünə və nadir müalicəvi xüsusiyyətlərinə görə ona “qızıl giləmeyvə”, “qızıl bəhrə”, xoş ekzotik ətrinə görə “sibir ananası”da deyilir. Giləmeyvələrinin dadı limonla ananasın qarışığı kimidir. Ananas dadı verirsədə onun meyvəsi tibbi əhəmiyyətinə görə əsl ananasdan üstündür. Meyvə və toxumlarından alınan yağ müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Murdarçayabənzər çaytikanı-Hippophae rhamnoides L. iydəkimilər (Elaegnaceae) fəsiləsinə aid olub, ilk dəfə Avropada təsvir edilmişdir. Hündür və ya alçaqboylu olduğundan ağac və ya kol bitkisidir. Hündürlüyü 2 m-dən 5-10 m-ə qədər çatır. Zoğları tikanlı, ikievli bitkidir. Yabanı halda Orta Asiya, Qafqaz, Şərqi və Qərbi Asiyada yayılmışdır. Azərbaycanda isə Şəki-Zaqatala, Quba-Xaçmaz, Balakən-İsmayıllı, Qəbələ, Oğuz rayonlarında, Naxçıvan MR-da təsadüf edilir. Bu bitki dəniz səviyyəsindən 1900-2000 m yüksəklikdə çay vadilərində, qumsal torpaqlarda belə inkişaf edir.

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Sistematika laboratoriyasının elmi işçisi Kəmalə Sadiqovanın elmi tədqiqatında Abşeron və Qəbələ şəraitində becərilən çaytikanı növündən istifadə olunmuşdur. Hər iki regiondan Hippophae rhamnoides L. növünün meyvələri 2022-ci ilin oktyabr-noyabr aylarında, tam yetişən dövründə toplanmışdır. Təcrübədə hər iki regiondan götürülmüş 100 ədəd çaytikanı meyvəsindən istifadə edilmişdir. Tədqiqat nəticəsində Abşeron yarımadası və Qəbələ rayonu ərazisində becərilən çaytikanı meyvələrinin kütləsi, şirə çıxımı və quru maddələrinin miqdarında fərq olduğu müşahidə edilmişdir. Abşeronda becərilən çaytikanı meyvəsinin 100 ədədinin kütləsi 58,4 q, şirəsi 43,1 q, meyvədə quru maddə 15,3mq, şirədə quru maddə 7,1 mq təşkil edir. Qəbələdə becərilən çaytikanı meyvələrinin 100 ədədinin kütləsi 60,6 q, şirəsi 58,4 q, meyvədə quru maddə 16,9 mq, şirədə quru maddə 9,4 mq təşkil edir.

Ekoloji-coğrafi ərazilərin iqlim-torpaq amilləri Hippophae rhamnoides L. bitkisinin hüceyrə daxilində gedən bioloji fəal və qidalı maddələrin sintezinə təsir edir. Bu da məhsulun tam yetişməsi və toplanması üçün münasib vaxtın müəyyənləşməsinə şərait yaradır.

Aparılan elmi-tədqiqata görə 5-6 yaşlı çaytikanı kollarından orta hesabla 5-8 kq məhsul almaq olur. Bir hektar sahədən 45-50 sentnerə qədər meyvə toplamaq mümkündür. Alınan 50 sentner məhsuldan 520 kq yağ almaq olur.

Apardığımız tədqiqatdan belə nəticəyə gəlirik ki, Hippophae rhamnoides L. bitkisinin meyvələrinin tərkibi becərildiyi yerin torpaq-iqlim şəraitindən, yetişmə dərəcəsindən və yığılma müddətindən asılıdır.

Meyvə və toxumlarından alınan çaytikanı yağı müxtəlif xəstəliklərin müalicəsində, rəng çalarlarının müxtəlifliyinə görə meyvələrindən bəzək məqsədilə bağ və bağçaların, parkların landşaft memarlığında, yaşıllaşdırmada geniş istifadə olunması məqsədyönlüdür.

Xəbər lenti