Logo

BMU-nun Mühəndislik fakültəsində tətbiq olunacaq beynəlxalq proqramlarla bağlı təlimlər davam edir

04.06.2023 17:57 221 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsində mexanika və maşın mühəndisliyi üzrə tədris prosesində “KISSsoft”, “KISSsys” adlı beynəlxalq standartlara uyğun yeni dizayn, optimallaşdırma və hesablama proqramlarının tətbiqi ilə bağlı görülən işlər çərçivəsində təlimlər davam edir.

Tehsil.biz xəbər verir ki, proqramların mənimsənilməsi üçün “KISSsoft AG” şirkətinin mütəxəssisləri tərəfindən növbəti, sayca üçüncü beynəlxalq onlayn təlim təşkil olunub.

Mühəndislik fakültəsinin müəllim və tələbələrinin qoşulduğu təlim Maşın dizaynı fənnindən Mexanika mühəndisliyi kafedrasının təklif etdiyi kurs layihə işlərinin müasir tələblərə uyğun yerinə yetirilməsi üzərində qurulub.

Kafedranın sifarişi ilə şirkətin mütəxəssisləri struktur sxemləri verilmiş elektro-mexaniki intiqalların kinematik analizi, sintezi, zəncir, qayış və dişli çarx ötürmələrinin ISO standartlarına uyğun layihələndirilməsi, yorulma və sərtlik meyarına görə valların hesablanması, diyirlənmə yastıqlarının seçilməsinin əsaslandırılması, dişli çarxlarda kontakt məsələlərinin tədqiqi və s. məsələləri interaktiv onlayn rejimdə nümayiş etdiriblər.

Maşın və mexanizmlərin ötürücü və transmissiya sistemlərinin layihələndirilmə, modelləşdirmə, optimallaşdırma və qüvvə-gərginlik analizini müasir informasiya texnlologiyalarının imkanlarından istifadə etməklə reallaşdıran bu proqram Maşın dizaynı fənni ilə yanaşı, Materiallar müqaviməti, Materiallar texnologiyası və s. dərslərin tədrisində, həmçinin elmi-tədqiqat işlərinin yerinə yetirilməsində istifadə edilə bilər.

Xatıradaq ki, Mexanika və maşın mühəndisliyi sahələrində istifadə olunan proqramların tətbiqi üçün BMU ilə İsveçrədə yerləşən “KISSsoft AG” şirkəti arasında 2023-cü ilin mart ayında imzalanmış müqavilə əsasında lisenziya alınıb.

Xəbər lenti