Logo

"SKY Global Internship” mübadilə proqramı başa çatıb

03.06.2023 17:28 243 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) magistrant, doktorant və gənc mütəxəssislərinin təmsil olunduğu “SKY Global Internship” mübadilə proqramı başa çatıb.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, dörd həftə ərzində həyata keçirilən proqram 5 tapşırıq blokundan ibarət olub və “Uçuş elmləri modulu: pilotsuz uçuş aparatının (PUA) layihələndirilməsi” mövzusunda təşkil edilib.

İştirakçılar proqram çərçivəsində çəkisi 10-50 kiloqram olan şaquli formada qalxan və enən PUA-ların tədqiqi, uçuş profilinin və çəkisinin qiymətləndirilməsi, uçuş profilinin və qanad parametrlərinin seçimi, quyruq mövqeyinin, ağırlıq mərkəzinin ilkin qiymətləndirilməsi, yastı plitələrin komponentlərinin yığılması, komponentlərin forma faktorlarının, düyünlərin, səthi sürtünmə əmsalının, səsaltı qaldırma əyrisinin mailliyinin, dözümlülüyünün, əsas komponentlərin və aerodinamik yüklərin hesablanması, sükan və həndəsi xarakteristikaların nizamlanması kimi layihələndirmə mərhələləri üzrə iş aparıblar.

Qeyd olunan işlər Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) “MGP Academy” laboratoriyasında “MS Excel”, “XFLR5”, “MatLab”, “Siemens NX” və “Ansys” proqram paketlərindən istifadə edilməklə həyata keçirilib. Proqram çərçivəsində dinləyicilər üçün sosial fəaliyyətlər təşkil edilib.

İştirakçılar proqramın sonunda verilən tapşırıqlar üzrə yekun hesabat hazırlayıblar. Onlara proqramı bitirməsi ilə bağlı sertifikat təqdim olunub.

“SKY Global Internship” mübadilə proqramında AzTU ilə yanaşı Milli Aviasiya Akademiyasının da magistrant, doktorant və gənc müəllimləri təmsil olunub.

Qeyd edək ki, AzTU-nun TUSAŞ-la sıx əməkdaşlığı 2022-ci ildən başlayıb və bu istiqamətdə işlərin koordinasiyası Universitet-Sənaye Əməkdaşlığı və Ömurboyu Təhsil Mərkəzi tərəfindən həyata keçirilir.

Xəbər lenti