Logo

Bruneydə islamofobiya ilə mübarizə yolları müzakirə edilib

01.06.2023 19:50 267 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) əməkdaşlarından ibarət nümayəndə heyətinin Bruneydə işgüzar səfəri sona çatıb.

Aİİ-dən "Tehsil.biz"ə bildirilib ki, səfər çərçivəsində Bruney dini işlər naziri Hacı Badaruddin ibn Pengarah Hacı Osman və Bruneyin ali müftisi Abdul Aziz ibn Juned ilə görüşlər keçirilib.

Görüşlərdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov ölkəmizdə dövlət-din münasibətlərindən geniş bəhs edib. Təmsil etdiyi qurum haqqında məlumat verən sədr müavini bildirib ki, komitə dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən orqandır.

Ölkəmizdə bütün dinlərin nümayəndələrinin sülh şəraitində yaşadıqlarını, istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını qeyd edən G.İsmayılov daha sonra bildirib ki, Azərbaycandakı mövcud tolerant və multikultural mühit dünyaya nümunədir.

G.İsmayılov, həmçinin islamofobiya ilə mübarizə üsullarından bəhs edərək vurğulayıb ki, Azərbaycan dövləti bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir, ölkəmiz İslam mədəniyyətinin xaricdə təbliğinə böyük önəm verir.

Aİİ-nin rektoru dosent Aqil Şirinov ali təhsil müəssisəsinin fəaliyyəti, mövcud təhsil pillələri, ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanmış müqavilələr haqqında məlumat verib.

Görüşlərdə islamofobiya ilə mübarizə yolları, din təhsili sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması, birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.

Xəbər lenti