Logo

Ümummilli Lider haqqında məruzə beynəlxalq elmmetrik bazaya daxil edilib

01.06.2023 09:39 212 baxış
IMG

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin ev-muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Ümummilli Lider Heydər Əliyev və ev muzeyləri” adlı məruzəsi Vaşinqtonda keçirilən “Müasir elmin problemləri” mövzusunda XI beynəlxalq elmi-praktik konfransın materiallarında dərc olunub.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Bildirilib ki, məqalədə Ulu Öndərin təşəbbüsü ilə yaradılan ev-muzeylərinin tarixi qısa şəkildə nəzərdən keçirilir. Bu istiqamətdə aparılan işin milli və bəşəri əhəmiyyətini nəzərə çatdıran müəllif ölkəmizdə 1981-ci ildən başlayaraq Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycanda yaradılan yüzlərlə muzeyin, həmçinin ev-muzeylərinin fəaliyyətə başlamasının Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin təbliğində önəmli rol oynadığını faktlarla əsaslandırıb.

G.Babaxanlının məruzəsi ilə qiyabi qatıldığı elmi konfransın əsas materialları beynəlxalq elmi ictimaiyyətdə qəbul olunmuş nüfuzlu “Elmi toplu” (“Scientifik collection”) jurnalının 156-cı sayında – 2023-cü il üzrə may nömrəsində yerləşdirilib. Qeyd edək ki, Ukrayna, İspaniya, Slovakiya, Türkiyə, Gürcüstan, Moldova, Qazaxıstan, Özbəkistan, Azərbaycandan olan alimlərin müxtəlif mövzularda əsərlərinin mütəmadi dərc olunduğu multidisiplinar xarakterli “Scientifik collection” jurnalı Avropada və Amerikadakı əsas elmi nəşrlərin qeydiyyata alındığı, onlayn jurnalların əksəriyyətinin məlumatlarını ehtiva edən “Google Scholar” beynəlxalq elmmetrik bazasına daxildir.

Xəbər lenti