Logo

Təhsil şoku - MƏQALƏ

31.05.2023 12:16 1145 baxış
IMG

İnnovativ Azərbaycan Məktəbi layihəsi çərçivəsində İsrail dövlətinə olan səfərimiz və İsraildə olan təlimləri bəlkə də terminologiyada və ya ictimai müzakirələrdə yer almayan "təhsil şoku" adı ilə xülasə edirəm.

İsrailə təhsil səfərimizi və təlimləri təşkil etdiyinə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, bu səfərdə olmağımı dəstəkləyən həmkarlarıma təşəkkür edirəm və əminliklə deyə bilərəm ki, təhsil rəhbərliyi ölkəmizin təhsil sistemində daimi inkişafın olmasının tərəfindədir, lakin təhsil prosesi uzunmüddətli fəaliyyət tələb edir, nəticəsi dərhal görünməyən bir mexanizmdir. Ölkə əhalisinin tamamını əhatə etdiyi üçün xalqın mövcud potensialı ortaya necə bir nəticə təqdim edəcəyi öncədən bilinməz, yalnız proqnozlaşdırıla bilər. 

İsraildə təhsillə bağlı nələri gördük, nələri öyrəndik?

18 günlük müddətdə təhsillə bağlı muzeyləri, elm, texnologiya və innovasiya mərkəzlərini gəzdik, öyrətmə, öyrənmə və zamanın reallıqları ilə bağlı nəzəri və təcrübi təlimlər keçdik, çox sıx bir qrafiklə çalışdıq. Orada təhsil şagirdin, dövlətin və zamanın tələblərinə xidmət edir. Şagird məktəbə öz evi kimi baxır, şagirdlərin qərarları məktəb administrasiyasının diqqət ayırdığı ən önəmli məsələdir. Ölkənin orta təhsil sistemi tələbatyönümlüdür. Maldarlıqdan, əkinçilikdən tutmuş, teatra qədər bir çox öyrəşmədiyimiz sənət və peşə sahələri üzrə şagirdlər və məktəblər ixtisaslaşıblar, yəni ölkənin təhsil menyusunda hər şey var, istəyirsən vegetarian ol, istəyirsən veqan, bir sözlə, ac oldun çobana qoşul, yoruldun karvana. Çoban demişkən, ferma məktəbləri var ki, orada daimi üç yüz şagird qalır və kənd təsərrüfatının sirlərini heyvanlara baxaraq öyrənirlər. Onların valideynləri övladlarını hüquqşünas görmək istəmirlər. Fermanın da bir inəkləri var ki, süd vermək zamanı gələndə qulaqlarındakı çipdən şagirdlərə xəbər edirlər, ildə də bir milyon litr süd verirlər. Fermanın daxilində bir it məktəbi də var. Şagirdlər burada itlərə baxırlar, onlara qulluq edirlər, itlərə aid xəstəlikləri öyrənirlər. Bir sözlə, ölkə onun üçün dəyərli olan nə varsa, ona təhsil deyir. Hətta bizim bu məşhur fermaya digər məktəblərdən də ferma dərslərini seçmiş şagirdlər həftədə iki gün gəlirlər. Ferma daxilində mövcud olan emalatxana dərsləri yerli fermerlərin ehtiyaclarını ödəmək üçün fəaliyyət göstərir. 

Bu ölkədə şagird ölkə qanunlarına görə cinayət törətmirsə, ona gözünüstə qaşın var deyən də yoxdur.

Dəyərli oxucularım, buraya qədər düşündünüz ki, bu müəllim nələr yazır? Bunların nəyi innovativ təhsil oldu?

Onda keçək əsas məsələyə…

Yuxarıda yazdıqlarım övladını hüquqşünas görmək istəməyən valideynlərin uşaqları idi. İsrail dövləti 20-30 il sonraya proqnozlaşdırılan ərzaq çatışmazlığı ilə bağlı alternativ qidalar yaradır, bu işlər üçün laboratoriyaları çalışır, maraqlısı da odur ki, şagirdlər də bu prosesin tərkib hissəsidir. 

Ölkədə yeddi mindən çox “startup” olduğu bildirilir, bu işdə də şagirdlər müəllimləri ilə birgə ön sıradadırlar. Elmi muzeylər, mərkəzlər, həm də təhsil müəssisələridir. İnsanlar “yaxşı” ixtisas oxumağa yox, yaxşı təhsil almağa, yaxşı mütəxəssis olmağa çalışırlar. Parklarda belə bütün avadanlıqlar ya sağlamlığa, ya da beyin çalışdıran fəaliyyətlərə əsasən quraşdırılıb. Kiçikyaşlı uşaqların zəkasının inkişafı üçün dizayn edilib parklar, həmçinin mərkəzlərin, muzeylərin həyətləri…

Bəs bir dərs saatında müəllimdən gözlədikləri nələrdir?

Gələcək dünyanın şəklini hər bir müəllim beynində formalaşdırmağa çalışmalı, buna uyğun bilik və bacarıqlara sahib olmalıdır. Şagirdlərin marağına əsasən dərsləri təşkil etməlidir. Misal üçün, iştirak etdiyimiz bir dizayn fənni üzrə dərsdə müəllim bildirdi ki, biz “NİKE” firmasının məhsullarını dizayn edirik, ona görə ki şagirdlərimiz, əsasən, bu brendin məhsullarından istifadə edirlər və onların dərslərdə daha maraqlı olmaları üçün onların sevdiyi işi görürük.

Dərslərdə, əsasən, şagirdlər qruplarla layihə işləri (Project-based learning) həyata keçirirlər. Kollecdən məzun olmağın şərtlərindən biri də qrup halında layihə təqdim etməkdir. Onların bu cür layihə sərgisində iştirak etmək bizi çox təəccübləndirdi. Dərslərdə müəllimlər şagirdləri rəqabətə yox, əməkdaşlığa sövq edirlər. 

İsrail dövlətinin təhsil sistemi haqqında onun əsas prinsiplərini özündə əks etdirən bu şüarı yazmaq olur: “Bu gün üçün xoşbəxt şagird, gələcək üçün unikal və tələbatyönümlü təhsil”.

Bəs bu şüar bizim təhsil sistemimiz üçün uğurlu ola bilərmi?

Əlbəttə, ola bilər. Buna inamım tamdır. Elə bizim İsraildə olmağımız və bir sıra başqa innovativ addımlar daim dəyişən dünyanın, zamanın tələbatlarına uyğun asanlıqla manipulyasiya edilə bilən təhsil sisteminin qurulmasının təməl daşlarıdır. Bəli, müasir dünyada təhsil sistemimiz ağır yüklü, manevr imkanları məhdud yük maşınına bənzəməməlidir. Daim dəyişməlidir, yenilənməlidir, bir sözlə, hamımız dəyişdirməliyik, yeniləməliyik.

Biz hamımız bir müəllim kimi innovativ ideyaları dərslərimizdə, mühitimizdə inkişaf etdirəcəyik. Biz kiçik irəliləyişlərə ümid edirik.

Bəs böyük dəyişikliklər nə zaman olacaq? Deyim nə zaman?

Futbolumuzun zəif olmasına kədərlənən, məsələn, elə taksi sürücüsü Əhməd dayı təhsil barədə innovativ ideyaları dəstəkləyəcək, təhsil və inkişaf üçün kədərlənəcək, sevinəcək, bax o zaman böyük dəyişikliklər olacaq. Daha bir məsələn, atası bankda mühasib, anası xəstəxanada həkim olan orta gəlirli azərbaycanlı ailəsi övladının həkim və ya hüquqşünas olmasını yox, onunla müzakirə aparıb kim olmaq istədiyini ortaya çıxardığı vaxt böyük dəyişikliklər olacaq.

Sonda daha bir məsələn, həm də çox əsas məsələ, ölkəmizin təhsil işçilərinin: müəllimlərin, idarəedicilərin, rəhbərlərin mütləq əksəriyyəti dəyişən dünyanın tələbatlarına ayaq uyduran fikirlərə sahib olanda böyük dəyişikliklər olacaq. Biz də bu böyük dəyişikliklərin daha sürətli gəlməsi üçün daha səylə, vicdanla xalqımızın övladlarının gələcəyi üçün çalışmalıyıq. Kiçik dəyişikliklər edərək böyük dəyişikliklərə doğru addımlamalıyıq.

Təlimin son günündə bizdən təlim barədə fikirlərimizi soruşdular. Onda bu təlimlər barədə fikrim belə oldu: “Bu təlim haqqında maraqlanan həmkarlarıma tövsiyəm bu olacaq ki, əgər bu təlimə Azərbaycandan İsrailə piyada gəlmək fürsəti varsa, mütləq gəlin”.

Fərid İbrahimli

Xəbər lenti