Logo

Şərqşünaslıq İnstitutunda Müstəqillik Gününə həsr edilmiş elmi sessiya keçirilib

30.05.2023 14:03 257 baxış
IMG

Mayın 30-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Tədbiri açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva 105 il öncə - 1918-ci il mayın 28-də yaradılan Şərqin ilk demokratik respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan danışıb. Akademik G.Baxşəliyeva Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin təsis edildiyini, parlament seçkisinin keçirildiyini, təhsilin milliləşdirildiyini, Milli Ordunun yaradıldığını, Azərbaycan dilinin dövlət dili elan edildiyini vurğulayıb. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra ilk illərdə respublikamızın çətin dövr yaşadığını qeyd edən akademik G.Baxşəliyeva Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqı vətəndaş müharibəsi və parçalanmaq təhlükələrindən qurtararaq respublikanın inkişafının əsasını qoyduğunu, Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin qüdrətli dövlətə çevrildiyini qeyd edib.

Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” mövzusunda məruzə edib. AXC dövründə beynəlxalq şəraitdəki mürəkkəblik və ziddiyyətliyin hökumətdən çox çevik xarici siyasət həyata keçirməyi tələb etdiyini deyən S.Talıblı diqqətə çatdırıb ki, xarici siyasətin başlıca istiqamətlərini Azərbaycanın müstəqilliyini qorumaq və inkişaf etdirmək təşkil edirdi. Xarici İşlər Nazirliyinin, diplomatik nümayəndəliklərin yaradılmasından bəhs edən məruzəçi AXC xarici siyasət idarəsinə müxtəlif vaxtlarda dövrünün ziyalıları, dünya siyasətinin sirlərinə bələd olan, çevik diplomatik bacarığa malik Fətəli xan Xoyski, Məmməd Həsən Hacınski, Məmməd Yusif Cəfərov, Adil xan Ziyadxanlının başçılıq etdiyini bildirib. S.Talıblı qeyd edib ki, milliyyətindən və dini etiqadından asılı olmayaraq qonşu dövlətlərlə mehriban münasibətlər Azərbaycan diplomatiyasının aparıcı istiqamətini təşkil edirdi. Məruzəçi böyük dünya siyasəti baxımından Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini üç dövrə - Türkiyə oriyentasiyası, Qərb oriyentasiyası və hərtərəfli dünya əməkdaşlığına daxil olmaq uğrunda mübarizə dövrlərinə bölərək, bu dövrlərdə xarici siyasət istiqamətində görülən işlərdən ətraflı bəhs edib.

Elmi sessiyada çıxış edən Şərqşünaslıq İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü, Din və ictimai fikir şöbəsinin müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev və Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Fərda Əsədov cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin böyük işlər gördüyünü, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olduqlarını bildirərək, müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının böyük qürur verdiyini qeyd ediblər.

Xəbər lenti