Çexiya Elmlər Akademiyası Geonics İnstitutunun professoru, Masarik Universitetinin Coğrafiya departamentinin rəhbəri Yaromir Kolejka Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda olub.
Bu barədə "Tehsil.biz"ə Coğrafiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, institutun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov ilə görüşdə çexiyalı alim Masarik Universitetinin rəhbəri olduğu coğrafiya bölməsinin fəaliyyəti, tədqiqat istiqamətlərindən danışıb, özü ilə gətirdiyi kitabları elm müəssisəsinə hədiyyə edib.
Z.Eminov çexiyalı qonağa Coğrafiya İnstitutunun nailiyyətləri haqqında məlumat verib, Qarabağın coğrafiyasına dair kitab və atlası ona təqdim edib.
Sonra fikir mübadiləsi aparılıb, müəssisə rəhbərləri gələcəkdə elmi əməkdaşlıq haqqında razılığa gəliblər.