Mayın 26-da UNEC-də Empirik Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə Sosial elmlər üzrə gənc tədqiqatçıların beynəlxalq konfransının (International Conference of Young Social Science Researchers-ICYSSR 2023) açılış mərasimi olub.
Empirik Tədqiqatlar Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, konfransın plenar sessiyasında UNEC-in elm üzrə prorektoru professor Sakit Yaqubov açılış nitqi ilə çıxış edib.
UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri dosent Xətai Alıyev konfransın əsas məqsədinin sosial elmlərdə ilkin addımlar atan gənc tədqiqatçılara öz tədqiqat tapıntılarını təqdim etmək üçün platforma təmin etmək, o cümlədən onlar arasında əlaqələrin formalaşmasına kömək göstərməkdən ibarət olduğunu söyləyib.
Konfransda Polşadan dəvət olunmuş Sosioloji Tədqiqatlar Mərkəzinin rəhbəri, professor Yuri Bilan elmi nəşrlər və elmi fəaliyyət barədə təqdimatla çıxış edib.
Beynəlxalq konfrans işini mayın 27-də panel sessiyalarla yekunlaşdıracaq.
Qeyd edək ki, konfransa 12 ölkədən çoxsaylı müəlliflər tərəfindən məqalələr daxil olub. On beş ölkədə 32 təşkilatda çalışan qabaqcıl ekspertlərin şəffaf rəyvermə və təşkilatçılıq prosesində iştirakı təmin edilib. Eyni zamanda, konfrans öz tədqiqat bacarıqlarını inkişaf etdirmək niyyətində olan tədqiqatçılar üçün də bir çox fürsətlər təqdim edib. Konfransa hazırlıq prosesi zamanı 3 dəfə elmi yazı bacarıqlarının artırılması üçün vorkşoplar və təlimlər keçirilib, Böyük Britaniyanın Kembric Universitetindən ekspert bu tədbirlərə cəlb olunub.