Logo

BDU-da "Almaniya Bundestaqının simulyasiyası" layihəsi keçirilib - FOTO

26.05.2023 11:03 252 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşəbbüsü ilə "Almaniya Bundestaqının simulyasiyası" layihəsi keçirilib.

BDU-dan "Tehsil.biz"ə verilən məlumata görə, layihədə Milli Məclisin deputatı, Azərbaycan-Almaniya Parlamentlərarası İşçi Qrupunun rəhbəri Nurlan Həsənov, Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşı Zaur Bəndəliyev, Beynəlxalq Parlament Təqaüdünün qaliblərindən Arif Quliyev, Politologiya və sosiologiya kafedrasının müəllimi Nuran Məmmədli, kafedranın doktorantı Rafiq İbrahimov və Politologiya ixtisası üzrə təhsil alan birinci kurs tələbələri iştirak ediblər.

Layihənin keçirilməsində əsas məqsəd tələbələrin "Müqayisəli siyasi sistemlər" fənni üzrə əldə etdiyi nəzəri bilikləri praktikada reallaşdırmasına şərait yaratmaq, onların müstəqil şəkildə araşdırma aparmaq qabiliyyətini inkişaf etdirmək, alman cəmiyyəti və siyasi mədəniyyəti ilə yaxından tanış olaraq gələcəkdə karyera perspektivlərini dəyərləndirməyə dəstək göstərməkdən ibarətdir.

Beş saata yaxın davam edən tədbir zamanı tələbələr hazırda Almaniya Bundestaqında təmsil olunan müvafiq partiyalar üzrə qruplara bölünərək iki mövzu ətrafında müzakirələr aparıb, sonunda təklif edilən qanun layihələrinin qəbul olunub-olunmaması ilə bağlı səsvermə keçiriblər.

Layihənin sonunda tələbələr arasından fərqlənən üç nəfər "Ən yaxşı namizəd", "Ən yaxşı debatçı" və "Ən yaxşı mövqe vərəqi" nominasiyalarında sertifikat və müxtəlif hədiyyələrlə təltif olunublar.

Xəbər lenti