Logo

Naxçıvanda IV SABAH İncəsənət Festivalının açılışı olub - FOTOLAR

25.05.2023 16:27 416 baxış
IMG

Naxçıvanda IV SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, festivalın məqsədi “SABAH qrupları” layihəsinin incəsənətyönümlü baza ali təhsil müəssisələrində tələbələrin nailiyyətlərini əyani nümayiş etdirmək, gənclər arasında təhsil və yaradıcılığa həvəsi artırmaqdır.

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin şöbə müdiri Sevinc Cabbarova, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, SABAH İcra Komitəsinin rəhbəri Eldar Qocayev, müvafiq ali təhsil müəssisələrinin prorektorları və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) SABAH qruplarının tələbələri də iştirak ediblər. Tədbirdə müxtəlif musiqi və rəqs nömrələri, tamaşalardan parçalar ifa edilib, həmçinin memarlıq layihələri, dizayn və dekorativ tətbiqi sənət nümunələri nümayiş olunub.

Bundan başqa, ADRA-nın SABAH qrupları tələbələri tərəfindən bədii keramika, xalçaçılıq, toxuculuq, metal və rəngkarlıq üzrə ustad dərsləri keçirilib.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin xüsusi dəstəyi ilə həyata keçirilib.

Xəbər lenti