Logo

“Ümummilli Lider Heydər Əliyev və Gəncə” mövzusunda dəyirmi masa keçirilib - FOTO

25.05.2023 14:10 301 baxış
IMG

“Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Gəncə Bölməsində Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr edilmi silsilə tədbirlər davam etdirilir.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Bölmənin əməkdaşları tərəfindən “Ümummilli Lider Heydər Əliyev və Gəncə” monoqrafiyası və həmin mövzuda çəkilmiş sənədli film şəhər ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.

Monoqrafiyanın və filmin təqdimatı məqsədilə AMEA-nın Gəncə Bölməsində dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik Fuad Əliyev dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinin istənilən sahədə çalışan hər bir vətəndaş üçün örnək olduğunu,  eləcə də Ulu Öndərin dövlətçiliyimizin, iqtisadiyyatımızın və ölkə həyatının digər vacib sahələrinin formalaşdırılması, Azərbaycançılıq strategiyasının əsaslarının yaradılması istiqamətindəki əzmkar fəaliyyətinin, o cümlədən onun Gəncənin inkişafı naminə gördüyü işlərin neçə-neçə elmi tədqiqatlar üçün tükənməz qaynaq olduğunu qeyd edib. Akademik F.Əliyev AMEA-nın Gəncə Bölməsi tərəfindən ərsəyə gətirilən “Heydər Əliyev və Gəncə” monoqrafiyasını təqdim edib və vurğulayıb ki, respublikanın ikinci şəhərinin başlıca elm ocağının - AMEA Gəncə Bölməsinin  əməkdaşlarının Ulu Öndərin yubileyinə daha bir ərməğan kimi hazırladıqları, “Elm” nəşriyyatında çap olunan bu kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövlərdə onun Gəncəyə səfərləri barədə müfəssəl məlumat, bu səfərlər zamanı Ümummilli Liderin çıxışlarının və  dialoqlarının tam mətnləri ilə yanaşı, Gəncədən olan elm, təhsil, səhiyyə və mədəniyyət xadimlərinin Ümummilli Liderlə bağlı xatirələri də yer alıb.

Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlovisə çıxışında şəhərdə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini qeyd edib, alim və ziyalıların bu yöndəki fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.

Dəyirmi masada AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri Həsənbala Sadıqov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, Əməkdar məşqçi Elçin Zeynalov, Əməkdar jurnalist Əhməd Qədiroğlu, Əməkdar müəllim İlham Həsənov, qocaman həkim Süleyman Piriyev, qabaqcıl təhsil işçisi Nüsrət Hüseynov və tarix üzrə fəlsəfə doktoru İlham Əlizadə çıxış edərək, Ulu Öndərin dövlətçiliyimizin xilası və ölkənin varlığının sabit dinamikasının təmin olunmasında müstəsna tarixi xidmətlərindən danışıb, eləcə də onun Azərbaycanın ümumi inkişaf strategiyasında daim Gəncənin roluna xüsusi diqqət ayırdığını, bu şəhərin məhz Heydər Əliyevin diqqət və himayəsi ilə böyük nailiyyətlərə qovuşduğunu qeyd ediblər.

Həmçinin AMEA-nın Gəncə Bölməsi tərəfindən ərsəyə gətirilmiş “Heydər Əliyev və Gəncə” monoqrafiyasının nəşrini və sənədli filmin təqdimatını tarixi bir hadisə kimi  dəyərləndirərək, kitabın istər elmi-kütləvi, istərsə də tədqiqat xarakterli mötəbər mənbə olduğunu qeyd ediblər. “Heydər Əliyev və Gəncə” sənədli filmində Ulu Öndərin 12 dəfə Gəncəyə səfər etdiyi məqamlar, onun sərəncamları əsasında inşa olunan zavod, fabrik, elm-təhsil, mədəniyyət, səhiyyə obyektləri haqda məlumatlar öz əksini tapıb. 

Tədbirin sonunda akademik Fuad Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdüklərinə görə çıxışçılara minnətdarlığını bildirib. Dəyirmi masanın iştirakçılarına “Heydər Əliyev və Gəncə” monoqrafiyası və həmin mövzuda hazırlanan sənədli filmin diski hədiyyə olunub.

Sonda xatirə şəkli çəkilib.

Xəbər lenti