Logo

MDU və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə elmi seminar keçirilib - FOTO

25.05.2023 14:04 325 baxış
IMG

Mayın 24-də Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisində innovativ təlim metodlarından istifadə” mövzusunda elmi seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə MDU-dan bildirilib.

MDU-nun evsahibliyi ilə keçirilən seminarda Mingəçevir şəhərinin ümumi təhsil məktəblərinin müəllimləri və universitetin professor-müəllim heyəti üzvləri iştirak edib.

Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminarda giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və daha da zənginləşdirilməsinə, Azərbaycan dili və ədəbiyyatının inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Azərbaycan dilinin hərətərfli inkişafı, ümumişlək dilə və dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca rolundan danışan E.Cəfərova hazırda Ümummilli Liderin dil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinin davamlı təkmilləşdirilməsinin vacibliyindən söhbət açan E.Cəfərova “Heydər Əliyev İli” çərçivəsində MDU və Mərkəzi Aran RTİ arasında təsdiq edilmiş Tədbirlər Planına daxil olan hazırki seminarın əhəmiyyətini diqqətə çatdırıb.

Sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun akademik heyət üzvlərindən Könül Aydın “Azərbaycan dili və ədəbiyyat dərslərində şagirdlərin ekspressiv nitq bacarıqlarının formalaşdırılmasında essenin rolu”, Gülxar Yusibova “Azərbaycan dili dərslərində oxu təliminin təşkilində qarşıya çıxan problemlər” və Səadət Ağakişiyeva “Ədəbiyyat təlimində 4K, 3E, 5E,və TTİMY təlim modellərindən istifadə” mövzusunda məruzələrlə çıxış ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb və  təqdim edilən suallar cavablandırılıb.

Qeyd edək ki, Mingəçevirdə və MDU-da “Heydər Əliyev İli” çərçivəsində müxtəlif formatlı tədbirlər həyata keçirilir. Sözügedən seminar 2023-cü il aprelin 20-də MDU ilə Mərkəzi Aran RTİ arasında təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilib.


 

Xəbər lenti