Logo

AƏSMA-da həmkarlar ittifaqı işçiləri üçün 10 günlük kurs təlimləri davam edir - FOTO

25.05.2023 13:09 250 baxış
IMG

Mayın 22-də kurs iştirakçıları «Kollektiv müqavilə - işçi ilə işəgötürənin maraqlarının müdafiəsinin əsas vasitəsi kimi», «Fərdi və kollektiv əmək mübahisələrinin həllində həmkarlar ittifaqlarının iştirakı” mövzuları üzrə praktiki situasiyaları həll ediblər.

Bu barədə "Tehsil.biz"ə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasından bildirilib.

Dərsləri tədris etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək siyasəti” şöbəsinin baş məsləhətçisi Fəridə Hacıyeva dəvət olunub.

Müasir Psixologiya Mərkəzinin psixoloqu Könul Qocayeva planlaşdırma və vaxtın idarə edilməsi, onun strateji planlaşdırılması haqqında əsas psixoloji aspektləri açıqlayıb.

“Əmək fəaliyyəti haqqında məlumatların elektron formada formalaşdırılması və saxlanılmasının xüsusiyyətləri” mövzusu xüsusi maraq doğurub. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Əmək bazarının təhlili” şöbəsinin baş mütəxəssisi İsmayıl Kərimov  bugünkü əmək bazarında vəziyyəti təhlil edib.

23 mayda Dövlət İdarələri və İçtimai Xidmət işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov “Əmək qanunvericiliyinə əməl olunmasına və işçilərin əmək hüquqlarının müdafiəsində  həmkarlar ittifaqı nəzarəti” mövzusu ilə bağlı kurs iştirakçıları qarşısında çıxış edib. Dərs müzakirə formasında keçirilib və Hikmət müəllim ətraflı suallara cavab verib, çünki həmkarlar ittifaqı təşkilatının fəaliyyətində bu mühüm istiqamətdir.

“Təşkilatın korporativ mədəniyyəti: anlayışı, mahiyyəti və tətbiqi” mövzusunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim şöbəsinin müdiri Təyyar Mustafayev təşkilatın korporativ mədəniyyəti haqqında peşəkarcasına təqdimatı ilə interaktiv metodlardan istifadə edərək qrup ilə birlikdə bu mövzunu müzakirə edib.

Dərs gününün sonunda həmkarlar ittifaqı işçiləri İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəçəkdir” poemasının təqdimatında iştirak ediblər. Bu təqdimat Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Tədbirdə açılışı “Taghiyev Operating Company” MMC HİK-in  sədri Abbasəli Rüstəmli edib. Sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun filologiya üzrə elmlər doktoru, professor Salida Şərifova çox peşəkarlıqla poemanın bugünkü əhəmiyyətindən, Heydər Əliyev şəxsiyyətinin respublikanın çiçəklənməsindəki rolunun poemada öz əksini tapmasından danışıb.

Bundan sonra bu poemanın necə ərsəyə gəldiyi barədə məlumat verən müəllif İbrahim Yusifoğlu çıxış edib  Müəllif bəzi hissələri oxuyub.

Təqdimatda kurs iştirakçıları da çıxış edərək öz təəssüratlarını bölüşüblər. Təqdimatın sonunda kollektiv şəkil çəkdirilib. Görüş isti və yaddaqalan xatirələr şəraitində keçib.

Xəbər lenti