Logo

BDU-da Bakı Ağır Cinayətlər Məhkəməsinin iclası səhnələşdirilib - FOTO

25.05.2023 12:58 445 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Cinayət prosesi kafedrasının təşkilatçılığı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin iclası səhnələşdirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirlib.

Fakültənin III kursunda Cinayət-prosessual hüquq fənnini tədris edən Cinayət prosesi kafedrasının müdiri, professor Firuzə Abbasova və kafedranın dosenti Könül Hüseynova tərəfindən rol oyunları metodundan istifadə etməklə təşkil olunmuş səhnələşdirilmiş məhkəmə prosesində təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə baxışı canlandırılıb.

Cinayət prosesinin əsas mərhələlərindən biri olan məhkəmə baxış iclasında rolları tələbələrdən Cavid Mirzəzadə (sədrlik edən – məruzəçi hakim), Nigar Nuriyeva və Nərminə Məmmədova (hakimlər), Samirə Kərimova (etiraz edilən məhkəmə iclas katibi), Ləman Alməmmədova (məhkəmə iclas katibi), Gülsüm Hacıyeva (dövlət ittihamçısı), Ənvər Balakişiyev (təqsirləndirilən şəxs), Aytəkin Qurbanlı (təqsirləndirilən şəxsin müdafiəçisi), Ceyran Məmmədova (zərərçəkmiş şəxsin hüquqi varisi), Nabat İsmayılova (zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi), Şaiq Abdullazadə (şahid), Eltac Allahyarlı (şahid),  Məhərrəm Cəfərli (şahid), Nihat Ələkbərli (şahid) və Jalə Bilallı (şahid) məharətlə oynayıblar.

Məhkəmə baxışının gedişində özü-özünə etiraz, müşavirə otağında qərarın çıxarılması, xarici dövlətin vətəndaşının şahid qismində dindirilməsi, tərcüməçinin iştirakı və hökmün elan edilməsi tələbələr tərəfindən əyani şəkildə nümayiş etdirilib.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev tələbələrin praktiki baxımdan inkişaf etməsində, prosessual normaların əyani şəkildə qavranılmasında, tədrisin keyfiyyətinin yüksəldilməsində müxtəlif simulyasiyaların xüsusi rola malik olduğunu vurğulayıb.

Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova tələbələrin simulyasiyanın təşkilinə xüsusi marağını yüksək qiymətləndirib, səhnələşdirilmiş məhkəmə prosesinin həyata keçirilməsinə hazırlıqlardan danışmış, tələbələrə uğurlar arzulayıb.

Tədbirin sonunda məhkəmə simulyasiyasında rolları canlandıran tələbələrə təşəkkürnamələr təqdim edilib.

Xəbər lenti