Logo

Radiasiya Problemləri İnstitutunda AzMİU-nun baza kafedrası yaradılacaq

24.05.2023 19:31 216 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu (RPİ) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə "Tehsil.biz"ə AzMİU-dan bildirilib.

Sənədi AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və RPİ-nin baş direktoru AMEA-nın müxbir üzvi, professor İslam Mustafayev imzalayıblar.

Memoranduma əsasən, RPİ-nin nəzdində AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi baza kafedrası yaradılacaq. Elm və təhsilin istehsalata inteqrasiyasını gücləndirmək məqsədilə yaradılan baza kafedrası tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılmasında böyük rol oynayacaq.

Rektor Gülçöhrə Məmmədova qonaqlara universitetin fakültələri, ixtisasları, elmi potensialı, xarici əlaqələri, professor-müəllim heyəti və tələbə kontingenti haqqında ətraflı məlumat verib. O, AzMİU-nun elm tutumlu müəssisələrlə, o cümlədən RPİ ilə əməkdaşlıqda maraqlı olduğunu deyib.

Professor İslam Mustafayev çıxışında qeyd edib ki, baza kafedrası əlaqələri daha da gücləndirəcək, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi üzrə ölkəmizin elmi-tədqiqat əhatəsini genişləndirəcək.

Xəbər lenti