Logo

Türkiyə-Azərbaycan peşə məktəbinin yaradılması ilə bağlı işlər aparılır

24.05.2023 15:06 233 baxış
IMG

Türkiyə ilə imzalanan protokol əsasında nəzərdə tutulub ki, iki peşə təhsili müəssisəsi birgə idarə ediləcək.

Tehsil.biz xəbər verir ki, bunu APA-ya müsahibəsində Peşə təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, müəssisənin ixtisas kurrikulum proqramları sırf Türkiyədə təsdiq olunmuş proqramlar olacaq:

“Əlbəttə ki, Azərbaycan qanunvericiliyi ilə təsbit olunmuş ümumtəhsil fənləri və digər ixtisaslar əvvəlki formada tədris olunacaq. Burada bizim seçdiyimiz 4 əsas ixtisas qrupu var.

Bunlar Türkiyə mətbəxinə aid qida və içkilərin hazırlanması, otelçilik və səyahət xidmətləri, informasiya texnologiyaları və tekstil peşə sahələridir. Anlaşma və yanaşma ondan ibarətdir ki, Türkiyə tərəfi həmin müəssisələrdə emalatxanaların təminatını üzərinə götürür, müəssisənin qurulması və digər məsələlər isə Azərbaycan tərəfindən həyata keçirilir. İşçi səviyyədə hazırda işlər aparılır. Ümid edirik ki, tezliklə həmin proqrama qəbul apara biləcəyik. Birgə proqramların bir sıra komponentləri var. Təhsil proqramları hazırlanmalı, kitablar tərcümə edilməlidir və s. Bu istiqamətdə böyük irəliləyiş var. Hazırda məktəblərin idarə edilməsi ilə bağlı müəyyən məsələlər razılaşdırılır”.

O qeyd edib ki, Türkiyə-Azərbaycan birgə peşə təhsili müəssisəsində təhsil alan tələbələrə həm Azərbaycanın, həm də Türkiyənin diplomunun verilməsi nəzərdə tutulur:

“Bundan başqa, Avropa İttifaqı ölkələri ilə ikili diplom proqramlarının yaradılması ilə bağlı araşdırmalar aparılıb təkliflər veriləcək. Burada standartların uyğunluğu məsələsi var. İkili diplom olmasa belə, biz beynəlxalq əməkdaşlıq çərçivəsində təcrübə proqramlarını artıracağıq”.

Xəbər lenti