Logo

İxtisaslaşmış fakültə və kafedra rəhbərləri ilə görüş keçirilib

24.05.2023 10:53 168 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) Bakı Dövlət Universitetlərinin (BDU) kimya və kimya mühəndisliyi üzrə ixtisaslaşmış fakültə və kafedra rəhbərləri ilə “Kimya elminin perspektiv istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi” mövzusuna həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Tədbirdə Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Dövlət Neft və Sənaye Unversiteti(ADNSU), Azərbaycan Tibb Universiteti (ATU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Sumqayıt Dövlət Universiteti (SDU) və Azərbaycan Texniki Unversitetindən (ATU) nümayəndələr iştirak etdilər.

Tədbiri giriş nitqi ilə açan elan edən institutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, belə bir görüşün keçirilməsinin əsas məqsədi elmlə təhsilin inteqrasiyasının daha da güclənməsi üçün kimya və kimya mühəndisliyinin prioritet istiqamətləri üzrə mövcud əlaqələrin daha da genişləndirilməsi, müştərək fundamental-tətbiqi elmi tədqiqatların aparılması, kadr hazırlığı, elmi-pedaqoji fəaliyyət, birgə elmi rəhbərlik, təcrübə mübadiləsi, elmi seminarların təşkili və sair istiqamətlərdə əməkdaşlıq məsələlərini qarşılıqlı müzakirə etmək, yaxın gələcək üçün yol xəritəsinin müəyyənləşdirilməsindən ibarətdir.

Rəhbərlik etdiyi elmi müəssisəsnin fəaliyyət istiqamətləri, əldə etdiyi elmi nailiyyətləri, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verən V.Fərzəliyev qeyd edib ki, indiyə qədər BDU, ATU, BMU ilə müştərək olaraq zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən, dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materialların məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi istiqamətində aparılmış müfəssəl tədqiqatların nəticələri dünyanın nüfuzlu jurnallarında dərc olunmuşdur. O hazırda AKİ-də BDU-nun baza kafedrasının fəaliyyət göstərdiyini, orada tələbə və magistrantların elmi-istehsalat təcrübəsi keçdiyini, laboratoriyalarda tədqiqat işləri ilə məşğul olduğunu vurğulayıb. O ATU ilə növbəti mərhələdə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının flora örtüyündən toplanacaq dərman bitkilərinin ekstraktları üzrə birgə tədqiqatların aparılmasının nəzərdə tutulduğunu qeyd edib.

Akademikin sözlərinə görə, ayrı-ayrı universitetlərin kimya ixtisası üzrə tələbə və magistrləri fərdi və qrup halında AKİ-nin müasir cihaz və avadanlıqlarla təhciz edilmiş laboratoriyalarında təcrübə keçmiş, diplom və kurs işlərinin təcrübi hissələrini yerinə yetirmiş, AKİ ilə BDU-nun Kimya fakültəsi arasında müştərək elmi əməkdaşlıq çərçivəsində 2023-2024-cü tədris ili üzrə keçiriləcək birgə elmi seminarların planı təsdiq edilmiş, bu ilin sentyabr ayından başlayaraq qarşılıqlı formada aparıcı alimlərin təqdimatında elmi seminarların təşkil olunacağını söyləyib.O, belə tədbirlərin Azərbaycan elminə böyük töhfələr verə biləcəyinə inandığını qeyd edib.

Daha sonra Bakı Dövlət Universitetinin “Üzvi kimya” kafedrasının müdiri, akademik Abel Məhərrəmov bu görüşün aktuallığından, ölkəmizdə mövcud olmuş elmi məktəblərin daha da inkişaf etdirilməsi yollarından, eləcə də kadr hazırlığı, birgə tədqiqat mərkəzləri yaratmaq, laboratoriyaların müasir cihaz və reaktivlə təchiz məsləsindən nəzərə çarpan problemlər və onların həlli yolları ilə əlaqədar təkliflərini səsləndirib.

Bakı Dövlət Universitetinin kimya fakültəsinin dekanı k.ü.f.d., dosent Fuad Kərimli universitetin AKİ ilə əlaqələrindən, kimya elminin perspektiv istiqamətlərindən, qarşıda duran prioritet məsələlərdən danışıb.

Azərbaycan Tibb Universitetinin “Ümumi və toksikoloji kimya” kafedrasının müdiri Eldar Qarayev universitetdə apardıqları elmi-tədqiqat işlərindən və bu işlərin aparılmasında kompüter texnologiyasından istifadə edərək dərman dizaynı və biokimya sahəsində əldə etdikləri uğurlardan danışıb, bu istiqamətlərdə birgə əməkdaşlığın mümkünlüyünü diqqətə çatdırıb.

BDU-nun “Ekoloji kimya” kafedrasının müdiri, k.e.d., professor Sevinc Hacıyeva rəhbərlik etdiyi kafedranın yaranmasından, tətbiq sahələrindən, ətraf mühitdə kimyəvi proseslərin canlı orqanizmlərə təsirindən və bu problemlərin aradan qaldırılması üçün həyata keçirlə biləcək müştərək tədqiqat işlərindən danışıb.

Tədbir iştirakçıları olan BDU-nun “Neft kimya və kimya texnologiyası” kafedrasının müdiri k.e.d, professor İbrahim Məmmədov, “Yüksək molekullu birləşmələr” kafedrasının müdiri k.e.d., professor Rasim Alosmanov, “Analitik kimya” kafedrasının müdiri k.e.d., professor Famil Çıraqov və k.e.d., professor Namiq Şıxəliyev çıxış edərək, AKİ-nin icraçı direktoru, k.e.d.,dosent Əfsun Sucayev, laboratoriya müdirləri professor Həqiqət Cavadova və dosent Elmira Nağıyeva qarşılıqlı əlaqələrin əhəmiyyətindən, gələcəkdə əməkdaşlığın genişləndirilməsi yollarından, kimya sahəsində olan problemlərdən danışıblar və təkliflərini diqqətə çatdırıblar.

Xəbər lenti