Logo

AzTU daha 4 şəhər və rayonun icra hakimiyyətləri ilə müqavilə imzalayıb - FOTO

23.05.2023 18:16 182 baxış
IMG

“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Lənkəran və Şirvan şəhərlərinin, Masallı və Biləsuvar rayonlarının icra hakimiyyətləri arasında müqavilə imzalanıb.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, rektor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti-Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova Lənkəran, Şirvan, Masallı və Biləsuvarda səfərdə olublar.

AzTU-nun rektoru Vilayət Vəliyev və icra hakimiyyətlərinin başçılarının iştirakı ilə keçirilən geniştərkibli görüşlərdə bildirilib ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində imzalanması mühüm hadisə olmaqla bərabər, onun irsinin davamına əhəmiyyətli töhfədir. Məhz Ulu Öndər şəhərlərimizin dayanıqlı inkişafına, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi fikir verirdi.

Görüşlər zamanı “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsinin başlanmasına start verilərək layihənin gedişatına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, dünyaya sürətlə inteqrasiya olunan respublikamızın şəhərlərində mobillik planının işlənib hazırlanması əhalinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasına təkan verəcək. Belə ki, hazırlanacaq hesabatlar şəhər nəqliyyat infrastrukturunun ümumi inkişafı, ictimai nəqliyyat şəbəkəsinin işinin yaxşılaşdırılması, piyada hərəkətinin təhlükəsizliyinin artırılması və asanlaşdırılması, velosiped yollarının istiqamətinin müəyyən edilməsi, yollarda digər təkmilləşdirmə üzrə tədbirlər “Şəhərdaxili hərəkət (mobillik) planları”nda öz əksini tapacaq.

Çıxış edənlər layihənin dövlətin dəstəyi ilə yaradılmış işgüzar şəraitdə universitet-sənaye əməkdaşlığının ən bariz nümunəsi olduğunu vurğulayıb və tələbə-müəllim-əmək bazarı iştirakçılarının təmas nöqtəsi kimi dəyərləndiriblər.

Qeyd edək ki, “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsinin həyata keçirilməsi məqsədilə AzTU bundan əvvəl 12 şəhər və rayonun icra hakimiyyətləri ilə müqavilə bağlayıb.

AzTU qeyd olunan bölgələrin cari il ərzində şəhərdaxili mobillik planlarını hazırlayacaq.

Xəbər lenti