Logo

“Maire Tecnimont”un I vitse-prezidenti Bakı Ali Neft Məktəbində - FOTO

16.05.2023 09:25 483 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə heyəti üçün “Maire Tecnimont Group”un Risklərin idarə olunması, xüsusi təşəbbüslər və regionların koordinasiyası üzrə birinci vitse-prezidenti Cianni Bardazzinin təlimi təşkil edilib.

Tehsil.biz xəbər verir ki, tədbir BANM, “Maire Tecnimont Group” və İtaliyanın Kampus Bio Medico Universitetinin birgə təşəbbüsü olan seminarlar çərçivəsində keçirilib.

Tədbirə şirkətin Biznesin inkişafı üzrə meneceri Natalia Sirazutdinova, TCM KT Azərbaycan və “Kinetics Technology Azərbaycan” şirkətlərinin Baş meneceri Antonio Donato, İnsan resursları üzrə mütəxəssisi Nərmin  Hacıyeva, BANM-in məzunu olan əməkdaşı Aidə Rəsulzadə də qatılıb. Həmçinin Kampus Bio Medico Universitetinin tələbə və professor-müəllim heyəti onlayn şəkildə təqdimata qoşulub.

Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov onları Ali Məktəbdə görməkdən məmnunluğunu bildirib. O qeyd edib ki, “Maire Tecnimont Group” ilə BANM arasında sıx dostluq və əməkdaşlıq mövcuddur: “Bu əməkdaşlıq nəticəsində BANM-in tələbələri şirkətin təcrübə proqramlarında iştirak edir, məzunları burada müxtəlif vəzifələrdə çalışırlar. “Maire Tecnimont” şirkəti tərəfindən BANM-də yaradılan Polimer Tədqiqat Laboratoriyasının istifadəyə verilməsi Ali Məktəbimiz üçün dəyərli və əhəmiyyətlidir. BANM-də yeni trendlərin formalaşmasında “Maire Tecnimont”la əməkdaşlıq önəmlidir”.

Təqdimatla çıxış edən Cianni Bardazzi BANM-də belə bir layihənin həyata keçirilməsinə görə rektor Elmar Qasımova təşəkkür edib. O, bu təlimin faydalı olacağına ümid etdiyini bildirib.

Təcrübələrini bölüşən Cianni Bardazzi “Beynəlxalq təcrübənin geosiyasi təsirləri: təşkilati həll metodu olaraq texniki nəticələr və risklərin idarə olunması” mövzusunda təqdimat edib. Təlim sual-cavab sessiyası ilə davam etdirilib.

Xatırladaq ki, BANM, “Maire Tecnimont Group” və İtaliyanın Kampus Bio Medico Universitetinin birgə təşəbbüsü ilə keçirilən seminarlar 2022-ci ilin oktyabr ayından başlanıb. Hər qurumdan 3 mütəxəssisin iştirakı ilə keçirilən seminarlar, yaşıl texnologiyalar, yaşıl enerji, ekoloji problemlərin həlli yolları, kimyəvi təkrar emal, polimerlər və digər aktual mövzuları əhatə edir.

Xəbər lenti