Logo

BDU-nun əməkdaşı Almaniya universitetində elmi məruzə ilə çıxış edib

15.05.2023 17:44 478 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı (Europian Cooporation in Science and Technology - COST) proqramının “Fotovoltaika üçün yeni qeyri-üzvi halkogenidlərin tədqiqi və beynəlxalq əməkdaşlıq” (CA21148) adlı layihəsi üzrə Qısamüddətli Elmi Missiya (Short-term Scientific Mission (STSM)) qrant müsabiqəsində 120 layihə arasında 8 qalibdən biri olaraq seçilib.

Tehsil.biz xəbər verir ki, o, hazırda Almaniyanın Erlangen-Nürnberq şəhərində yerləşən Fridrix Aleksandr Universitetinin (FAU) “Nazik təbəqələr materiallarının kimyası” bölməsinin rəhbəri, professor Julien Bachmann və əməkdaşları ilə birgə həmin layihə çərçivəsində “Fotovoltaika üçün gümüş sulfid-kadmium sulfid / gümüş nanonaqilləri və qrafen əsaslı (Ag2S-CdS NN/Ag NN/QF) materiallar” mövzusu üzrə elmi tədqiqatlar aparır. Lalə Qəhrəmanlı apardığı tədqiqatların nəticələri barədə FAU-da elmi məruzə ilə çıxış edib. O, öz məruzəsində BDU-nun Azərbaycanın ən qədim elm-təhsil ocağı olduğunu vurğulayıb, universitetin tarixi, elmi-tədqiqat fəaliyyəti, gələcək perspektivləri və beynəlxalq əlaqələri haqqında məlumat verib.

Qeyd edək ki, FAU qlobal reytinq cədvəli üzrə Almaniya Universitetləri arasında 8-ci, beynəlxalq reytinq cədvəlində isə 127-ci yerdə qərarlaşıb.

Xəbər lenti