Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Türk Dünyası Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Coğrafi yaxınlıqlara dayanan iqtisadi analizlərin önəmi və istifadəsi” mövzusunda seminar keçirilib.
Bu barədə "Tehsil.biz"ə UNEC-dən məlumat verilib.
Bildirilib ki, seminarı giriş sözü ilə açan UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığından danışıb, coğrafi baxımdan yaxın ölkələrin iqtisadi əməkdaşlıq əlaqələrinin təhlil edilməsinin önəmli olduğunu deyib.
Mövzu ətrafında təqdimatla çıxış edən UNEC Türk Dünyası Araşdırmalar Mərkəzinin tədqiqatçısı, İstanbul Universitetinin doktorantı Həsrəddin Quliyev coğrafi bağlılığın mahiyyəti, onun modelə daxil edilməsi, coğrafi modellərin istifadə sahələri və s. barədə ətraflı məlumat verib. Bu sahədə ixtisaslaşmış jurnalların apardığı təhlil nümunələrini iştirakçılarla bölüşən məruzəçi coğrafi cəhətdən yaxın olan ölkələrin statistik analizlərini hesablamalar vasitəsilə diqqətə çatdırıb.
İstanbul Universitetinin doktorantı Turan Kərimli çıxışında qeyd edib ki, iqtisadiyyatda məkansal təsirlərin ortaya çıxması yaxın ölkələrin bənzər iqtisadi sistem, pul vahidi, dil, din, mədəniyyət, dəyər və vərdişə sahib olması ilə əlaqədardır. Ona görə də, bu ölkələrin iqtisadi cəhətdən təhlili hər zaman insanlarda maraq doğurur.
Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, məruzəçilər tərəfindən suallar cavablandırılıb.