Logo

"Təhsildə 15-20 il böyük vəzifə tutanlar çox pis örnəklər qoyublar"

06.05.2023 10:14 363 baxış
IMG

"Təhsil sistemimizdə uzun illər böyük vəzifə tutmuş bir qisim adamlar xeyli aktivləşiblər. Təkliflər verirlər, yollar göstərirlər. Bu adamlara vaxtilə islahat aparmaq, yararlı işlər görmək üçün kifayət qədər şərait yaradılmışdı. Maliyyə imkanları da yetərli səviyyədə idi. Lakin pis əməllər və savadsızlıq inkişafın qarşısını aldı. Köhnələr yenilərin səriştəsizliyindənmi bəhrələnirlər? Bu amil var və bunu inkar etmək qeyri-mümkündür".

Tehsil.biz xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev bildirib.

Onun sözlərinə görə, indiki cavanların çoxu təhsili bilmir, yaşlılar isə zamanın sürətlə dəyişən paradiqmalarından xəbərsizdirlər:

"Təhsildə 15-20 il böyük vəzifə tutanlar çox pis örnəklər qoyublar. 2500-dən çox saxta diplomlu müəllim, bütün dövlət proqramlarının korrupsiyaya yönəlməsi, dərslik siyasətinin rüsvayçılıq halına gətirilib çatdırılması, minlərlə saxta diplomlulara şəhadətnamələrin verilməsi, universitetlərin şəxsi ambisiyalarla idarə olunması və s. Bütün bu yaramaz işləri unutdurmağa çalışırlar. Axı bütün bunlar millətə və dövlətə vurulan zərbələrdir. Mən bu iki nəslin bir araya gəlməsinin tərəfdarıyam, lakin bu həmrəylik təhsilimizə nəsə verəcəkmi? Optimist olmaq mümkün deyil. Axı nəyi müzakirə edəcəklər? Yaşlılar həm də təhsil sahəsində ictimai rəyi çaşdırırlar".

Deputat bildirib ki, bunun qarşısı alınmalıdır:

"Özlərini elə aparırlar ki, sanki təfəkkürlərində sıçrayışlı dəyişiklik baş verib. Düşüncəmə görə, heç nə dəyişməyib, həmin paslı təfəkkürdür. Ancaq həm də təhlükə yaradan və ictimai rəyi çaşdıran prosesdir".

Kənan Nağıbəyli

Xəbər lenti