Logo

Fizika, riyaziyyat və informatika təmayüllü liseydə görüş keçirilib - FOTO

19.04.2023 22:49 408 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində məktəblilər üçün maarifləndirmə və məlumatlandrma tədbirlərinə start verilib.

BMU-dan "Tehsil.biz"ə verilən məlumata görə, bu istiqamətdə ilk görüş Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təşkil olunub.

Liseyin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə liseyin direktor müavini Valeh Bəyalıyev qonaqlara təhsil müəssisəsinin yaranması, fəaliyyəti və şagirdlərinin ölkə və beynəlxalq səviyyəli uğurları haqda məlumat verib.

Sonra BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli mühəndislik sahəsi üzrə tam dövlət təqaüdlü beynəlxalq ikili dövlət proqramı ilə bağlı geniş təqdimatla çıxış edib. Təqdimatda proqramın qəbul qaydaları, ixtisaslar, həmçinin ixtisaslar üzrə qəbul kvotası, qəbul şərtləri, müraciət proseduru, tədris prosesi, proqram məzunlarının əldə edəcəyi imkanlar və s. haqqında məlumat verilib.

BMU-İNHA İDP-yə 2023/2024-cü tədris ili üçün sənəd qəbulunun tarixlərinin elan olunduğunu fikirlərinə əlavə edən H.Cəfərli 5 iyun-9 avqust tarixlərində bakalavriat səviyyəsi üzrə beynəlxalq ikili diplom proqramına növbəti tədris ili üçün onlayn qeydiyyatın həyata keçiriləcəyini vurğulayıb.

H.Cəfərli çıxışında yüksək nəticələri ilə fərqlənən tələbələr arasında BMU-İNHA İDP-yə marağın artdığını önə çəkərək, illər üzrə müvafiq statistikaya da toxunub.

BMU-İNHA İDP üzrə layihə direktoru Yang Hyunjin şagirdlərə Koreya Respublikasında təhsil mühiti, proqram əsasında bu ölkədə “Yay məktəbi”nin təşkili, proqramın birgə icrasının üstünlükləri və s. haqda zəruri informasiyaları nəzərə çatdırıb.

Daha sonra tədbirdə BMU-İNHA İDP ilə bağlı videoçarx nümayiş etdirilib.

Şagirdlərin suallarının cavablandırılması ilə davam edən görüşün sonunda iştirakçılara proqramla əlaqədar məlumat kitabçaları paylanılıb.

Xəbər lenti