Logo

ADPU-da beynəlxalq seminar: "Təhsildə ənənəvi anlayışlara yeni baxış"

16.04.2023 19:01 499 baxış
IMG

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və ADPU-nun təşkilatçılığı ilə "Təhsildə ənənəvi anlayışlara yeni baxış" mövzusunda beynəlxalq seminar keçirilib.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, beynəlxalq seminarda təhsil və elmi ictimaiyyətin nümayəndələri, Milli Məclisin deputatları, məktəb direktorları, ali və orta məktəb müəllimləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov seminar iştirakçılarını və qonağı salamlayıb, tədbirin əhəmiyyətindən söz açaraq, XXI əsrin yeni çağırışlar əsri olduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, xüsusən pedaqoji təhsildə günümüzün süni intellekt çağında daimi tədqiqatların aparılması və müasir yanaşmaların tətbiqi olduqca zəruridir.

Seminarda Türkiyə Respublikasının Baxçaşəhər Universitetinin Təhsil elmləri fakültəsinin dekanı, tanınmış türk professor Həsən Şimşək ustad dərsi ilə çıxış edib.

Təqdimatda professor H.Şimşək 35 illik təhsil təcrübəsinə əsasən müxtəlif ölkə və regionların təhsil sisteminin quruluşunu müqayisəli təhlil edərək, hər bir sistemin üstün və problemli tərəflərini analiz edib, daha yaxşı təhsil üçün şəxsi araşdırmalarının nəticələrinə əsaslanan tezislərini diqqətə çatdırıb.

T-Network platformasının rəhbəri Cəfər Mənsiminin moderatorluğu ilə davam edən seminar sual-cavab hissəsi ilə yekunlaşıb.

Qeyd edək ki, beynəlxalq seminar əsnasında professor H.Şimşək ADPU-nun rektoru ilə görüşüb, Pedaqoji Universitetdə təhsil və təlim üçün yaradılan şəraitlə yaxından tanış olub, universitetin qonaq kitabına ürək sözlərini yazıb.

Xəbər lenti