AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda gənc tədqiqatçıların görüşü keçirilib.
Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
Görüşü Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq institutun gənc tədqiqatçıları ilə fikir mübadiləsi aparıb.
Görüşün əsas məqsədi fəlsəfə və sosiologiyanın müasir problemlərinə toxunmaq, onların bir-biri ilə və digər elmlərlə qarşılıqlı və sıx əlaqəsini tədqiq etmək və bu sahədə gənc tədqiqatçıların üzərinə düşən əsas vəzifələrdən, habelə sanballı elmi tədqiqatlar aparmağın zəruriliyindən, gənc alimlərin sosioloji və fəlsəfi tədqiqatlarının müntəzəmliyinə və dərinləşdirilməsinə istiqamətlənib. Bu baxımdan görüşdə, həmçinin gənc tədqiqatçıların elmi fəaliyyətlərinin səmərəliliyinin artırılması məqsədilə bundan sonra mütəmadi olaraq elmi seminarların və tədbirlərin keçirilməsi qərara alınıb.
Daha sonra görüşdə iştirak edən fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Sevinc Həsənova gənc alimlərin fəaliyyətinin stimullaşdırılması ilə bağlı təklifləri diqqətə çatdırıb, onları maraqlandıran sualları cavablandırıb.
Qarşılıqlı dialoq və müzakirə şəklində keçən görüşün sonunda professor İlham Məmmədzadə gənc tədqiqatçılara öz tövsiyələrini bildirib və belə görüşlərin mütəmadi keçiriləcəyinin müsbət nəticələr əldə ediləcəyini vurğulayıb.